Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.02.2019

Göyçayda "Zərərli vərdişlərə, dini radikalizmə, erkən nikaha "yox" deyirik" mövzusunda maarifləndirmə tədbiri keçirilib

Fevralın 14-də Göyçay Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Çaxırlı kənd tam orta məktəbində “Zərərli vərdişlərə, dini radikalizmə, erkən nikaha "yox" deyirik" mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, rayon Polis Şöbəsinin rəis müavini polkovnik-leytenant Rövşən Babayev, müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə narkomaniyanın və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən, eləcə də onunla mübarizə yollarından, zərərli vərdişlərdən gəncləri çəkindirmək üçün görülən tədbirlərdən bəhs olunub.

Çıxışlarda bildirilib ki, narkomaniyaya qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirləri mütəmadi xarakter almalıdır.

Eyni zamanda, erkən nikah, dini radikalizm və ekstremizmin fəsadları, zərərli vərdişlərə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.