Göyçayda “Zərərli vərdişlər, dini radikalizm və erkən nikah" mövzusunda tədbir keçirilib
Noyabrın 14-də Göyçay şəhər 9 saylı tam orta məktəbdə Göyçay Rayon İcra Hakimiyyəti, Göyçay rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlər, dini radikalizm və erkən nikah" mövzusunda tədbir keçirilib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Eldəniz Məmmədov, rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov, Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Əli Əsgərov, rayon Prokurorluğunun əməkdaşı, QMİ-nin səlahiyyətli nümayəndəsi, təhsil şöbəsinin əməkdaşları və məktəb kollektivi iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilərək dini radikalizmin qarşısının alınmasında təhsilin önəmi xüsusi qeyd edilib.
Narkomaniya və onun fəsadları haqqında geniş bəhs edilib, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemlər diqqətə çatdırılıb. Həmçinin zərərli vərdişlərə qarşı mübarizədə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin əhəmiyyətindən danışılıb. Erkən nikahların sosial narahtlıq doğuran problemli ailələrin artmasına ciddi təsir etdiyi bildirilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


