Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.01.2017

Göyçayda rayon rəhbərliyinin iştirakı ilə dini maarifləndirmə tədbiri keçirilib

Yanvarın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay şəhər “Mərkəz” məscidi dini icması tərəfindən həyata keçirilən “Birgəyaşayış ənənələrinin qorunub saxlanılması” layihəsi çərçivəsində “Tolerant cəmiyyət və dini ekstremizm təhlükəsi” mövzusunda ilk maarifləndirici tədbir keçirilib.
Göyçay şəhərində keçirilmiş tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icma sədrləri, din xadimləri, ziyalılar, ağsaqqallar və yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbir   iştirakçıları   əvvəlcə    20 Yanvar  faciəsinin  qurbanlarının   əziz   xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Azərbaycanın İslam aləmində çox böyük hörmətə malik bir ölkə olduğunu, Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının olduqca əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm bir addım olduğunu qeyd edib.  Multikultural dəyərlərin qorunduğu məkanlardan biri olan Göyçay rayonunda  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə belə bir maarifləndirmə tədbirlərinin keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayan M. Səlimzadə layihənin işinə uğurlar arzulayıb.
Daha sonra “Tolerant cəmiyyət və dini ekstremizm təhlükəsi” mövzusu ətrafında Göyçay RİH başçısının müavini Raxşəndə Rəcəbovanın, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirovun, Göyçay şəhər “Mərkəz” məscidi dini icmasının sədri Müşviq Əsgərovun və Qafqaz Müsəlmanları İdarəsinin rayon üzrə səlahiyyətli nümayəndəsi Rəsul Kazımovun çıxışları dinlənilib.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında keçirilib.  İştirakçılar dini sahəyə və dindarlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və layihə çərçivəsində nəşr olunan dini ədəbiyyat paylanılıb.