Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.02.2019

Göyçayda "Müqəddəslik zirvəsi" mövzusunda tədbir keçirilib

Fevralın 21-də Göyçay Rayon İcra Hakimiyyəti (RİH), Göyçay rayon Heydər Əliyev Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimova həsr olunmuş "Müqəddəslik zirvəsi" mövzusunda tədbir keçirilib. 

Göyçay rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, ziyalılar, gənclər və tələbələr iştirak ediblər.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra doğma Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Göyçay rayon Heydər Əliyev Mərkəzinin direktoru Zenfira Əliyeva bildirib ki, Vətən uğrunda canlarından keçən şəhid oğullarımızın əziz xatirəsini yad etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Direktor qeyd edib ki, 2016-cı ilin aprel döyüşləri sübüt etdi ki Azərbaycan ordusunun gücü və vətənpərvərlik ruhu çox yüksəkdir. “Biz milli qəhrəmanlarımızı gənclər arasında hər zaman təbliğ etməliyik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə verdiyi dəstək və diqqətdən ibrət alaraq bizim hər birimiz onların yanında olmalıyıq” - deyə Z.Əliyeva bildirib.

Tədbirdə Göyçay RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, Göyçay rayon Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi Xəlil Orucov, Şuşa məktəbinin müəllimi Səməd Səmədov və DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirovun vətənpərvərlik və mənəviyyat mövzusu ətrafında çıxışları dinlənilib.

Milli Qəhrəman Mübariz İbrahimovun həyat və qəhrəmanlığndan geniş şəkildə bəhs olunan tədbirdə 3 saylı tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Tədbirin sonunda Milli Qəhrəmana həsr olunmuş "Müqəddəslik zirvəsi" adlı film nümayiş olunub.