22.02.2017
Göyçayda “Məktəblilərin radikal dini təsirlərdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusunda tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə fevralın 21-də Göyçay rayon Müskürlü kənd tam orta məktəbində müəllim və şagirdlərin iştirakı ilə “Məktəblilərin radikal dini təsirlərdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev çıxış edərək bir millət üçün ən böyük, ən qiymətli dəyərlərin onun dini, dili və tarixdən miras qalmış mədəni-mənəvi irsi olduğunu diqqətə çatdırıb. Əzim Rəfiyev onu da bildirib ki, müxtəlif təsirlər içərisində yaşadığımız bir zamanda yeniyetmə və gəncləri müəyyən radikal dini düşüncəyə malik insanların təsirindən qorumaq hər birimizin vəzifəsidir.
Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Göyçay RİH-in Müskürlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mahizər Əliyeva və din xadimi Yusif Aslanov gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması ilə bağlı keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini diqqətə çatdırıblar.
İştirakçıları maraqlandıran sualların cavablandırılması ilə dəyirmi masa öz işini yekunlaşdırıb.