Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.10.2017

Göyçayda maarifləndirmə tədbiri keçirilib

Oktyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay rayonu Yeniarx kənd məscidi dini icması tərəfindən “Müsəlman intibahının bərqərarı - İslam Həmrəyliyi” layihəsi çərçivəsində  növbəti maarifləndirici tədbir keçirilib.
Göyçay şəhər Rəsul Rza adına 1 saylı tam orta məktəbdə keçirilən tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Anar Əliyev, Komitənin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, Qafqaz Müsəlmanları İdarəsinin Göyçay və Ucar rayonları üzrə səlahiyyətli nümayəndələri Rəsul Kazımov və Cavid Səfərov, dini icmanın sədri Ağakərim Səmədov, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yeniarx kənd məscidi dini icmasının sədri Ağakərim Səmədov mövzunun əhəmiyyətindən danışıb. O qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsində əsas məqsədlərdən biri də İslam həmrəyliyinin müsəlman intibahının bərqərarında özünəməxsus rolunun olduğunu dünyaya təqdim etməkdir.
Tədbirdə çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Anar Əliyev qeyd edib ki, “İslam həmrəyliyi İli” yalnız din amilini deyil, eyni zamanda müsəlman ölkələrinin iqtisadiyat, mədəniyyət, həm də mənəviyyat sahəsində bir-birinə dəstək olması, həmrəy olması məsələsini özündə əks etdirir.
A.Əliyev onu da vurğulayıb ki, Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən regionlarda keçirilən maarifləndirmə tədbirləri öz müsbət nəticəsini verməkdədir.
Daha sonra Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, eləcə də QMİ-nın Göyçay və Ucar rayonları üzrə səlahiyyətli nümayəndələri Rəsul Kazımov və Cavid Səfərov çıxış edərək xalqımızın dünyanın ehtiyac duyduğu birgəyaşayışı, həmrəyliyi günümüzədək qoruyub saxladığını qeyd ediblər.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.