15.12.2016
Göyçayda “İslam Peyğəmbərinin nümunəvi əxlaqı və mötədillik” mövzusunda tədbir keçirilib
Dekabrın 14-də Göyçay rayonu Yalman kənd məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Göyçay rayonu Yalman kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə “İslam Peyğəmbərinin nümunəvi əxlaqı və mötədillik” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Göyçay rayonu üzrə səlahiyyətli nümayəndələri Rəsul Kazımov və Cavid Səfərov, dini icma sədrləri və üzvləri, eləcə də dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Göyçay rayonu Yalman kənd məscidi dini icmasının sədri Eldəniz Mehralıyev İslam Peyğəmbərinin və onun əhli-beytinin əxlaqının bütün bəşər üçün əvəzsiz nümunə olmasından danışıb.
Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov və QMİ-nin Göyçay rayonu üzrə səlahiyyətli nümayəndələri Rəsul Kazımov və Cavid Səfərov da öz çıxışlarında İslam Peyğəmbərinin qeyri-müsəlmanlara dini və hüquqi muxtariyyət verərək mədəni kimliklərini qorumalarına icazə verdiyini, dini-mədəni qrupların bir yerdə yaşaya biləcəyinin ən gözəl nümunəsini göstərərək bu davranışı ilə tolerantlığın inkişafına öncülük etdiyini vurğulayıblar.