01.11.2016
Göyçayda “Dini radikalizmin təzahür formaları ” mövzusunda tədbir keçirilib
Oktyabrın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Göyçay rayonu Müskürlü kənd məscidində “Dini radikalizmin təzahür formaları ” mövzusunda tədbir keçirilib.
Göyçay rayonu Müskürlü kənd məscidində təşkil olunmuş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Göyçay və Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi, şəhər “Mərkəz” məscidinin imamı Cavid Səfərov, rayonun Yalman və Çərəkə kənd məscidi dini icmalarının sədrləri və dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev dini radikalizmin qarşısının alınması istiqamətində ənənəvi İslam dəyərlərinin əhəmiyyətli rola malik olduğunu diqqətə çatdırıb. Ə. Rəfiyev ənənəvi İslam dəyərlərinin insanlara düzgün formada təbliğ edilməsi sahəsində dini icmaların və din xadimlərinin üzərinə düşən vəzifələr haqqında ətraflı danışıb.
QMİ-nin Göyçay və Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi, şəhər “Mərkəz” məscidinin imamı Cavid Səfərov və DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov “İslamda Vətən və dövlət sevgisi” mövzusunda məruzə ilə çıxış ediblər.