27.08.2016
Göyçayda “Dini radikalizm və onun fəsadları” mövzusunda “dəyirmi masa” təşkil olunub
Avqustun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göyçay şəhər Heydər Əliyev Mərkəzində “Dini radikalizm və onun fəsadları” mövzusunda “dəyirmi-masa” keçirilib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Raxşəndə Rəcəbova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, rayon fəalları, ziyalılar və gənclər iştirak ediblər.
“Dəyirmi-masa”nı giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Raxşəndə Rəcəbova Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu, multikulturalizmin ölkəmizdə dövlət siyasəti olmaqla yanaşı, həyat tərzi olduğunu vurğulayıb. Qeyd edib ki, dini radikalizm və ekstremizmə qarşı mübarizədə dövlətimiz hər zaman Azərbaycan cəmiyyətinin, dindarların yanındadır və bugünkü tədbir bunun bariz sübutudur.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev çıxışında dini radikalizmə qarşı mübarizə metodlarından, dini radikalizm anlayışı və onun fəsadlarından, bu mübarizədə dini maarifləndirmə işinin təşkili prinsiplərindən söhbət açıb.
Qafqaz Müsəlmanları İdarəsinin Göyçay rayonu üzrə səlahiyyətli nümayəndəsi, “Əbülfəzlil Abbas” məscidi dini icmasının sədri Rəsul Kazımov və Göyçay Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov çıxışlarında ölkəmizdəki sabitliyin və əmin-amanlığın qorunub saxlanılmasında din xadimlərinin fəaliyyəti ilə bağlı ümumi prinsipləri qeyd edərək, bu fəaliyyətin daha mütəşəkkil formada davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Sonda tədbir iştirakçıları dini radikalizmə qarşı mübarizə yolları ilə bağlı təkliflərini diqqətə çatdırıblar.
.jpg)