24.08.2017
Göyçayda dini maarifləndirmə tədbiri keçirilib
Avqustun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay rayonu Yalman kənd məscidi dini icması tərəfindən “İslam Həmrəyliyi və sosial ədalət” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Yalman kənd bələdiyyəsinin sədri Samir Əhmədov, Yalman kənd məscidi dini icmasının sədri Eldəniz Mehralıyev, dini icma üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov mövzunun əhəmiyyətindən danışıb. R. Nəsirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsində əsas məqsədlərdən birinin də İslam həmrəyliyində Azərbaycanın özünəməxsus rolunu gücləndirmək olduğunu qeyd edib.
Daha sonra çıxış edən Yalman kənd bələdiyyəsinin sədri Samir Əhmədov İslamın sülh, haqq-ədalət dini olmaqla yüksək mənəvi dəyərləri ehtiva etdiyi bildirib. Onun sözlərinə görə, bu din ali həyati dəyərlərə söykənərək sülhün, əmin-amanlığın, birliyin və sabitliyin qorunub saxlanılmasına xidmət edir.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.