19.02.2016
Göyçayda “Dini fanatizm və ekstremizm: multikultural cəmiyyət üçün təhlükə” layihəsi uğurla icra edilir
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının həyata keçirdiyi “Dini fanatizm və ekstremizm: multikultural cəmiyyət üçün təhlükə” layihəsi çərçivəsində fevralın 19–da Göyçay şəhərində “Dini ekstremizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icmanın sədri Rəsul Kazımov, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının sədri, QMİ-nin Göyçay və Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Rəsul Kazımov layihə çərçivəsində həyata keçiriləcək maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq , dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirərək, Azərbaycanda 2016-cı ilin Prezident İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan edilməsinin dindarlar tərəfindən də böyük ruh yüksəkliyi ilə qarşılandığını qeyd edib.
Daha sonra tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev “Dini ekstremizm və onun fəsadları” mövzusunda çıxış edərək, ölkəmizdə multikultural mühitin dərin tarixi köklərə malik olduğunu bildirib. Natiq qeyd edib ki, xalqımızın zəngin multikultural və onun tərkib hissəsi olan tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizin müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin sülh və əmin-amanlıq, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqları ərazi olduğunu deyən Ə.Rəfiyev xalqımızın bu ənənələrinin tarixi keçmişimizdən, mental dəyərlərimizdən qaynaqlandığını bildirib.
Tədbirdə, eyni zamanda Göyçay şəhər “Mərkəz” məscidi dini icmasının sədri Müşviq Əsgərov, “Əbülfəzlil Abbas” məscidinin axundu Ramin Rəhimov və Bığır kənd məscidi dini icmasının sədri Əliyusif Həsənov da çıxış edərək mövzu ilə bağlı öz fikirlərini iştirakçılarla bölüşüblər. Çıxış edən natiqlər Azərbaycanda tarixən dini tolerantlıq mədəniyyətinin yüksək olduğunu, Respublikamızın çox konfessiyalı bir ölkə olduğunu və burada tarixən müxtəlif dini və mədəni abidələrin mövcudluğunu diqqətə çatdırıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.