Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.02.2017

Göyçayda “Birgəyaşayış ənənələrinin qorunub saxlanılması” layihəsi uğurla icra olunur

Fevralın 14-də Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay şəhər “Mərkəz” məscidi dini icması tərəfindən həyata keçirilən “Birgəyaşayış ənənələrinin qorunub saxlanılması” layihəsi çərçivəsində “Dini radikalizmin qarşısının alınmasında ənənəvi İslam dəyərlərinin rolu” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Göyçay rayonu Elnur Seyidov adına Ulaşlı-Şıxlı kənd tam orta məktəbində keçirilmiş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Rauf Nəsirov, Göyçay Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, Göyçay şəhər Mərkəz məscidi dini icmasının sədri Müşviq Əsgərov, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Dini icmanın sədri Müşviq Əsgərov dini radikalizmlə mübarizənin əhəmiyyətindən danışaraq layihə çərçivəsində İslam dininin bizi birliyə, vəhdətə çağırdığı barədə maarifləndirici mühazirə və diskussiyaların təşkil ediləcəyini bildirib.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev məruzə ilə çıxış edərək Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı bir ölkə olmaqla yanaşı  özünün birgəyaşayış ənənəsinə görə İslam dünyası üçün nümunə olduğunu qeyd edib. Azərbaycan Respublikasının Prezidentinin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsini dövlətin xalqımızın milli-mənəvi dəyərlərinə verdiyi növbəti dəyər kimi qiymətləndirib və İslam coğrafiyasında dini zəmində baş verən münaqişələr fonunda həmrəyliyin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamı mühüm tarixi əhəmiyyət daşımaqla bərabər, zamanın böyük probleminə çevrilmiş İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn səmimi təşəbbüsdür.
Daha sonra çıxış edən orta məktəbin direktor və müəllimləri İslam dininin yayılmasında və eyni zamanda müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayan Azərbaycanın böyük bir missiyanı üzərinə götürmüş olduğunu diqqətə çatdırıblar.
Tədbirin sonunda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən çapına icazə verilmiş dini ədəbiyyatlar orta məktəbin kitabxanasına hədiyyə olaraq təqdim edilib.  
Tədbir iştirakçıları bu tədbirlərin dini maarifləndirmə sahəsindəki əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.