Göyçayda 20 Yanvar faciəsinin qurbanları anılıb
Yanvarın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Göyçay rayonu Qaraxıdır kənd məscidində 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə anım tədbiri keçirilib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Qafqaz Müsəlmanları İdarəsinin Göyçay-Ucar rayonları üzrə səlahiyyətli nümayəndələri Rəsul Kazımov və Cavid Səfərov, Qaraxıdır kənd məscidi dini icmasının sədri Şahin Yaqubov, məscidin imamı Gündüz Güliyev, din xadimləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və ruhlarına dualar oxunması ilə başlayıb.
Çıxışlar zamanı 20 Yanvar gününün Azərbaycan xalqının yaddaşında qanlı bir səhifə kimi qalmaqla bərabər, həm də qürur günü olduğu qeyd edilib. Qanlı Yanvar hadisələrinə yalnız Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra tam siyasi hüquqi qiymət verildiyi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra mühüm qərarlar alındığı vurğulanıb.


