02.05.2016
Göyçay və Ağsu rayonlarında maarifləndirmə tədbirləri keçirilib
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir.
Aprelin 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının həyata keçirdiyi “Dini fanatizm və ekstremizm: multikultural cəmiyyət üçün təhlükə” layihəsi çərçivəsində “Keçmişini bilməyən gələcəyini qura bilməz: Milli-mənəvi dəyərlərə qayıdış” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Göyçay rayonu Bığır kəndində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Bığır kənd inzibati ərazi dairəsi nümayəndəliyi və bələdiyyəsinin əməkdaşları, dini icma sədrləri, QMİ-nin Göyçay və Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Rəsul Kazımov, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının sədri Rəsul Kazımov layihə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, milli-mənəvi dəyərlərin hər bir vətəndaşın qürur mənbəyi olduğunu, bu dəyərlərimizi İslami dəyərlərdən ayrı təsəvvür etməyin doğru olmadığını diqqətə çatdırıb.
Ə.Rəfiyev milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının bu gün daha aktual olduğunu qeyd edib.
Tədbirdə, eyni zamanda Göyçay rayon Bığır kənd inzibati ərazi dairəsi nümayəndəsinin müavini Elgünəş Qurbanov, bələdiyyə sədri Sehran Aslanov və Respublika qəzetinin müxbir üzvü Xanlar Məmmədov da çıxış edərək mövzu ilə bağlı öz fikirlərini iştirakçılarla bölüşüb. Çıxış edən natiqlər milli-mənəvi dəyərlərin təbliği məqsədilə həyata keçirilən bu tədbirlərin böyük əhəmiyyətə malik olduğunu söyləyiblər.
Çıxışlardan sonra tədbir iştirakçılarına müxtəlif dini təyinatlı ədəbiyyatlar paylanılıb.
***
Aprelin 30-da digər maarifləndirmə tədbiri Ağsu şəhər Gənclər Evində Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının “Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində həyata keçirilib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsininmüdir müavini-dini qurumlarla işin təşkilatçısı Mirqubad Orucov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Mirhəsənli Seyidkamil, QMİ-nin səlahiyyətli nümayəndəsi, Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının sədri Nurəddin İslamov, dini icma üzvləri, ağsaqqallar, axund və imamlar iştirak ediblər. Çıxış edənlər radikalizm və onun fəsadları, gənclərin, xüsusilə dindarların radikal təsirlərdən qorunması, gəncliyimizin milli-mənəvi və dini dəyərlər işığında tərbiyə olunması istiqamətində çıxışlar ediblər. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)