28.02.2017
Göyçay rayonunda “Multikultural cəmiyyətdə birgəyaşayışı şərtləndirən əsas amillər” mövzusunda maarifləndirici tədbir keçirilib
Fevralın 28-də Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay şəhər “Mərkəz” məscidi dini icması tərəfindən həyata keçirilən “Birgəyaşayış ənənələrinin qorunub saxlanılması” layihəsi çərçivəsində “Multikultural cəmiyyətdə birgəyaşayışı şərtləndirən əsas amillər” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində keçirilmiş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Rauf Nəsirov, Kollecin direktoru Xəlil Orucov, müəllim və tələbə heyəti, Göyçay şəhər “Mərkəz” məscidi dini icmasının sədri Müşviq Əsgərov iştirak ediblər.
Kollecin direktoru Xəlil Orucov tədbirdə çıxış edərək dinlər və sivilizasiyalararası dialoqun baş tutması üçün əsas şərtə çevrilən və mütərəqqi dünya tərəfindən başlıca demokratik dəyərlərdən biri kimi təbliğ olunan tolerantlıq və multikulturalizmin Azərbaycan xalqının əsrlərboyu formalaşan və çoxları üçün örnək olan xarakterik xüsusiyyəti olduğunu söyləyib.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev tədbirdə məruzə ilə çıxış edərək Qafqazda sülhün yaranması və qorunması istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirən Azərbaycanda mövcud dinlər, məzhəb və təriqətlər arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Ə.Rəfiyev qeyd edib ki, Azərbaycan nadir dövlətlərdəndir ki, indiyədək ölkəmizdə dini zəmində hər hansı münaqişə baş verməyib.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov və dini icmanın sədri Müşviq Əsgərov isə Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı bir ölkə olmaqla yanaşı özünün birgəyaşayış ənənəsinə görə İslam dünyası üçün nümunə olduğunu qeyd ediblər.
Tədbirdə, eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” sənədli filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra tədbir iştirakçılarının sualları cavablandırılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən çapına icazə verilmiş dini ədəbiyyatlar Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin kitabxanasına hədiyyə olaraq təqdim edilib.