Goranboyda Məhərrəm ayı ilə əlaqədar seminar-müşavirə keçirilib
Avqustun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Goranboy rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Məhərrəm ayı ilə əlaqədar rəsmi din xadimləri, dini icma sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə açan QMİ-nin səlahiyyətli nümayəndəsi Anar Orucov 44 günlük Vətən müharibəsində canından keçmiş əziz şəhidlərimizə Allahdan rəhmət diləyərək, İslamda şəhidlik məqamının önəmini vurğulayıb. Bununla yanaşı, Məhərrəmlik mərasimlərinin QMİ-nin elan etdiyi müraciətə və Nazirləri Kabineti yanında Operativ Qərargahın təklif və tövsiyələrinə uyğun həyata keçirilməsinin vacibliyini qeyd edib. Natiq çıxışında QMİ-nin tələb və tapşırıqlarını din xadimlərinin nəzərinə çatdıraraq, bu barədə ətraflı çıxış edib. Eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının və səlahiyyətli nümayəndələrinin Məhərrəm ayının başlanması ilə əlaqədar müraciəti oxunaraq, tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli çıxışında Məhərrəmlik ayında məscid və ziyarətgahlarda ibadətlərin və mərasimlərin karantin qaydalarına uyğun olaraq keçirilməsinin zəruriliyinə diqqət çəkib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.