22.11.2016
Goranboyda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-treninq keçirilib
Noyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Goranboyda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Nofəl Köçərli “Goranboy rayonunda dini qurumlarla işin təkmilləşdirilməsi barədə” Goranboy Rayon İcra hakimiyyətinin Tədbirlər Planı və icrası barədə məlumat verib. Natiq bildirib ki, Tədbirlər Planı çərçivəsində “Dini radikallığa qarşı mübarizə sahəsində maarifləndirmə işlərinin aparılması” mövzusunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə tədbirlər keçirilib və “Fitnə” sənədli filmi nümayiş etdirilib. O qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərimizin radikal dini cərəyanların təsiri altına düşməmələri və bu sahədə maarifləndirmə işlərinin aparılmasından ibarətdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov məruzəsində Ümummilli Lider Heydər Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində ölkədə insan hüquqlarının müdafiəsinə dair qanunvericilik bazasının beynəlxalq normalara uyğunlaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsiplərinin təsbiti, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktlara riayət olunmasına nəzarətin gücləndirilməsi, konfessiyalar arasında dözumlülük ənənəsinin möhkəmləndirilməsi, eləcə də dini abidələrimizin bərpası və qorunması istiqamətində görülən işlərdən və bunların əsasında formalaşan mükəmməl dövlət-din münasibətlərindən bəhs edib.
QMİ-nin Goranboy rayonu üzrə səlahiyyətli numayəndəsi Anar Orucov çıxışında bildirib ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, ölkə rəhbərliyi səviyyəsində İslama, onun ayrı-ayrı bayramlarına yüksək hörmət, ehtiram və etiqad mövcuddur. Cənab İlham Əliyev mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmləndirilməsinə çalışmaqla yanaşı, insanların dini etiqad azadlığının ən yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirləri həyata keçirir. Dövlət bu sahəyə diqqət və qayğısını ölkədəki bütün etnik və dini qruplara göstərməkdədir.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.
.jpg)

