“Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda videokonfrans keçirilib
Mayın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Rayon Gənclər və İdman İdarəsi və İmişli rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçlığı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda videokonfrans keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, İmişli rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və gənclər iştirak ediblər.
Çıxışlarda qeyd edilib ki, müasir dövrdə gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktualdır. Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə qadın və uşaqların hüquqlarının təmin edilməsini prioritet sayan dövlətlərin bu gün həll etməyə çalışdığı əsas problemlərdən biridir. Azərbaycanda gender bərabərliyinin təşviqi istiqamətində son illər ərzində əhəmiyyətli tədbirlərin görüldüyü, 2006-ci ildə “Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vurğulanıb.