Gəncliyimizi zərərli vərdişlərdən qoruyaq!
Noyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsi və Şuşa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə “Gəncliyimizi zərərli vərdişlərdən qoruyaq!” mövzusunda gənclərlə növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov, Şuşa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva, rayon ictimaiyyətinin nümayəndələri, məktəb psixoloqları, müəllimlər və gənclər iştirak edib.
Tədbir iştirakçıları gənclərin zərərli vərdişlərin təsirindən qorunması istiqamətində maarifləndirici tədbirlər və görülmüş işlər barəsində ətraflı məlumat veriblər. Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması istiqamətində dövlətimiz tərəfindən aparılan işlərdən danışılıb.
Tədbirdə, həmçinin “Narkomaniya-ölümə aparan yol” sənədli filmi nümayiş etdirilib.



