11.05.2017
“Gənclərin zərərli vərdişlərdən çəkindirilməsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib
Mayın 11-də Sabirabad rayon Əsgərbəyli kənd şəhid Murad Hüseynov adına tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimiz və müasirlik” layihəsi çərçivəsində “Gənclərin zərərli vərdişlərdən çəkindirilməsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşı Elvin İbrahimov, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad rayon Əsgərbəyli kəndi “İmam Əli” adına kənd məscidi dini icmasının sədri Zakir Əliyev, Əsgərbəyli kənd şəhid Murad Hüseynov adına tam orta məktəbin direktoru Aysel Vəlizadə, məktəbin müəllimləri, ziyalılar və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “İmam Əli” adına kənd məscidi dini icmasının sədri Zakir Əliyev layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənclərimizin alkoqolizm və zərərli vərdişlərdən qorunması, eləcə də milli- mənəvi dəyərlərin təbliği istiqamətində də tədbirlər həyata keçirilir.
Daha sonra çıxış edən DQİDK-nın əməkdaşı Tərxan Paşazadə milli-mənəvi dəyərlərin qorunmasında dövlət siyasətinin rolu və gənclərin üzərinə düşən vəzifələr haqqında söhbət açıb. Bu dəyərlərin qorunmasının vacibliyindən danışıb. O, gənclərimizin düzgün istiqamətləndirilməsində, onlara mənəvi tərbiyə aşılanmasında ailələrin, təhsil müəssisələrinin, söz sahibi olan insanların, ağsaqqalların, ziyalıların üzərinə məsuliyyət düşdüyünü qeyd edib.
QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov çıxış edərək bildirib ki, cəmiyyətdə mənfi meyillərin aradan qaldırılmasında, milli–mənəvi və əxlaqi dəyərlərin düzgün şəkildə çatdırılmasında dünyəvi və dini savadlanmanın rolu böyükdür.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov isə vurğulayıb ki, gənclərin qayğısına qalmaq, onları düzgün istiqamətləndirmək, sağlam mənəviyyatlı vətəndaş kimi yetişdirmək hamımızın borcudur. Bu sahədə vəzifəsindən asılı olmayaraq hər birimiz əlimizdən gələni əsirgəməməli, milli-mənəvi, saf islami dəyərlər əsasında tərbiyə olunan sağlam əqidəli gənclərin yetişdirilməsi üçün səylərimizi birləşdirməliyik.
Tədbirin yekununda iştirakçılara layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.