16.02.2018
“Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib
Fevralın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, eləcə də məktəbin pedaqoji və şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan tam orta məktəbin tədris işləri üzrə direktor müavini Faiq Kərimov bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunmasında əhəmiyyətli rolundan danışıb.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov Azərbaycanda dini radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, radikalizmin yayılmasının və gənclərin radikal qrupların təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.
Sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Film ilə bağlı təəssüratlarını bölüşən Mingəçevir ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gənc nəslə ötürülməsinin mühüm vəzifələrdən biri olduğunu qeyd edib.
Sonda şagirdlərin mövzuya dair sualları cavablandırılıb.