07.06.2016
Tərxan Paşazadə
DQİDK-nın əməkdaşı
Gənclərimizi radikal dini cərəyanlardan necə qoruyaq?
Ölkəmizdə dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulmuşdur və dini dözümlülük, tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi, o cümlədən dini radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativi yoxdur. Çünki məşhur deyimlə ifadə etsək, təhsilsiz insan cilasız aynaya bənzəyir, bu güzgünü cilalamaq, onun vasitəsilə aydın gələcəyə işıq tutacaq yolu göstərmək ilk növbədə bilik və maarifləndirmə ilə mümkündür. “Səmimi dindar” olmaq kifayət deyil, “bilikli və səmimi dindar” olmaq lazımdır. Məhz buna görə də, “müasir dövrün vəbası” hesab edilən dini radikalizmə, ekstremizmə, tarix boyu dini dəyərlərin təhrifinə yol açan xurafata və cəmiyyəti zülmətə sürükləyən cəhalətə səbəb olan amillərin qarşısını kəsmək, milli-mənəvi dəyərlərimizi, tolerantlıq, multikulturalizm ənənəmizi yaşadan, ailəsinə, Vətəninə faydalı, təhsilli, savadlı nəsil yetişdirmək üçün maarifləndirici tədbirlərin kəmiyyətini, keyfiyyətini və arealını artırmaq bundan sonrakı fəaliyyətimizin də əsas istiqamətlərindən olmalıdır. Dövlət başçısı cənab İlham Əliyev də ötən il müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində məsələnin əhəmiyyətinə diqqət çəkərək bildirmişdir: “Milli, dini dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz çalışmalıyıq və çalışırıq ki, bizim gənclərimiz də milli ruhda böyüsünlər, tərbiyə alsınlar. Milli ruhda, eyni zamanda multikulturalizm ruhunda. Burada heç bir ziddiyyət yoxdur. Hər bir vətənpərvər insan, öz vətənini, millətini sevən insan böyük hörmətə layiqdir. Eyni zamanda, başqa dinlərə hörmət edən, başqa millətdən olan insanlara hörmətlə yanaşan insan da böyük hörmətə layiqdir. Ona görə bizim gənclərimiz bax, bu ruhda tərbiyə olunmalıdır”.
Müasir dövrdə dövlətin, dini icmaların eləcə də, cəmiyyətin hər bir fərdinin başlıca vəzifələrindən biri insanlararası münasibətlərdə dözümlülüyə nail olunması, müxtəlif din və mədəniyyətlərə mənsub insanların sülh şəraitində birgəyaşayışının təmin edilməsidir. Təbii ki, cəmiyyətdə dözümsüzlük, fanatizm, ekstremizm, bir sözlə radikallıq meyilləri baş qaldırarsa, insanlar arasında münasibətlər kəskinləşər və yeni münaqişə ocaqları yaranar.
Tarix şahiddir ki, müxtəlif dinlərə və məzhəblərə etiqad edən millətlər arasında günahsız insanların ölümünə səbəb olmuş dini zəmində bir çox müharibələr məhz fanatizm nəticəsində baş vermişdir. Bu gün də dünyanın bir sıra ölkələrində - xüsusilə Yaxın Şərqdə dini fanatizm əsas təhlükə kimi öz aktuallığını qoruyur. Bu baxımdan radikal dini quruplarla mübarizə müasir dövrdə dövlətimizin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Problem özlüyündə aktual olmaqla yanaşı həm çətin, həm də birdəfəlik həll edilməsi mümkün sayılmayan tendensiyaya malikdir.
Mürəkkəblik dini ideologiyanın yanlış izahatla siyasi ideologiyaya çevrilə bilməsindən, dini radikallığın isə sonradan siyasi radikallığa dönüşməsi potensialından da qaynaqlanır. Bütün bunlar dövlətin qarşısına bir-biri ilə əlaqəli kompleks problemlər kimi çıxanda, onların yalnız inzibati metodlarla həlli bir çox halda gözlənilən nəticəni nəinki vermir, hətta əks təsir göstərərək problemi daha da dərinləşdirir. Ona görə də dini radikalizmlə mübarizədə inzibati tədbirlər ən sonuncu çarə sayılmalı, problemin ilkin çözümü üçün ideoloji müstəvidə aktiv iş aparılmalıdır. Məhz bu baxımdan ictimai qınağın effektiv təsirlərindən yararlanmaq vacibdir ki, bu məsələdə dini ictimaiyyət, xüsusilə də dini icmalar daha aktiv olmalıdırlar.
Amma hər şeydən əvvəl problemi dərindən, hərtərəfli öyrənmək lazımdır ki, daha sonra onunla effektiv mübarizə aparmaq mümkün olsun. Bu zaman ilk olaraq qarşımıza belə bir sual çıxır: hansı dini qruplar radikal hesab olunur? Bu suala elmi ədəbiyyatda birmənalı cavab yoxdur. Amma 3 istiqamətdə fəaliyyət göstərənləri radikal dini qruplar hesab etmək olar:
1. Öz dini görüşünü başqalarına zorla qəbul etdirməyə çalışanlar.
2. Başqalarının dini dünyagörüşlərinə hörmətlə yanaşmayaraq, birgəyaşayış ənənəsinə qarşı çıxanlar.
3. Siyasət də daxil olmaqla, cəmiyyətin bütün sahələrini öz dini görüşləri istiqamətində tənzimləməyə çalışanlar.
“Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda isə dini radikalizm – hər hansı dini etiqad çərçivəsində ifrat dini baxışlara bağlılığı ifadə edən, həmin dini baxışların müstəsnalığının təsbit edilməsində barışmaz mövqe nümayiş etdirən və yayılmasında aqressiv üsul və vasitələrdən istifadə edilməsi ilə səciyyələnən davranış kimi göstərilmişdir.
Bəs görəsən, bu dini cərəyanın ölkəmizdə yayılmasına təsir göstərən əsas amillər nədən ibarətdir, onlar hansı boşluqlardan yararlanaraq öz etiqadlarını ölkə vətəndaşları arasında yaymağı bacarmışlar?
Əvvəla qeyd edək ki, radikal dini qrupların Azərbaycanda yayılmasında əhalinin böyük hissəsinin dini sahədə məlumatsızlığı, İslama, onun fəlsəfəsinə, mənəvi dəyərlərinə, tarixinə və xüsusiyyətlərinə dair biliklərinin yetərsizliyi əhəmiyyətli rol oynamışdır. Radikal cərəyan mənsubları dini maarifləndirmənin zəif aparılmasından və əhalinin dini biliklərinin səthi olmasından istifadə edərək təlimlərini həqiqi İslam dəyərlərini təbliğ etmək adı ilə ölkənin müxtəlif bölgələrində, xüsusilə də Şimal və Şimal-Qərb rayonlarında zəif də olsa, yaymağa nail olmuşlar. Əslində isə 1990-cı illərinin əvvəllərində ölkədə yaranmış qeyri-sabit sosial-iqtisadi vəziyyətdən istifadə edən xeyriyyə təşkilatları insanlara humanitar yardım göstərmək adı altında Azərbaycanda fəaliyyətə başladılar. Bunlarla yanaşı, əhalinin, xüsusilə gənclərin savadsız ənənəvi din xadimlərinə etimadsızlığı da radikal dini qrupların Azərbaycanda yayılmasına təsir göstərən əsas amillərdəndir. Həmçinin, dini tədris müəssisələrinin azlığı, ilahiyyatçıların sayının yetərli olmaması, yerli müəlliflərin əsərlərinin kəmiyyət, keyfiyyət, mövzu baxımından tələbatı ödəməməsi, ümumtəhsil müəssisələrində fəlsəfə, məntiq və s. insanın dünyagörüşünü artıran fənlərin tədrisinin zəifləməsi, mövcud sosial təbəqələşmənin, Şimali Qafqazda gedən proseslərin və regionda etnik rəngarəngliyin də radikal dini qrupların ölkədə kiçik sosial baza yaratmasında müəyyən təsirləri olmuşdur.
Bu gün öz təlimlərini ölkəmizdə yaymaqla məşğul olan kiçik dəvətçi və ya təbliğatçı qruplar fəaliyyət göstərir. Ancaq onların təbliğat siyasəti heç də bunlarla məhdudlaşmır. Çünki onların prinsiplərinə görə təlimi qəbul edən hər kəs dini təşviqat aparmalıdır.
Təbliğatda ümumi kommunikativ vasitə sayılan internetdən - xüsusilə sosial şəbəkələrdən geniş yararlanmaqla, bröşürlərdən, öz alimlərinin əsərlərinin Azərbaycan, rus və türk dillərinə tərcümələrindən, məşhur simalarının xütbələri və moizələri yazılmış audio və video kassetlərdən, DVD və CD disklərdən istifadə edirlər.
Tərəfdarlarına geyimləri və zahiri görkəmləri ilə seçilməyi təlqin edirlər. Lakin son zamanlar bu hal nisbətən azalmışdır. Bunun başlıca səbəblərindən biri ölkədə fəaliyyətlərini nisbətən taktiki və gizli müstəvidə aparmalarıdır.
Onlar insanlarla söhbətdə ənənəvi ruhanilərin həyat tərzinə, dinə baxışına tənqidlə yanaşır, qarşılaşdıqları hadisələrə uyğun ayə və hədislər nəql edirlər. Tərəf müqabillərinə təlimlərini diktə edərkən sadə xalq dilində danışır, mülayim və səmimi rəftar edirlər. Sıralarına qatdıqları insanların bir sıra sosial problemlərini həll etməklə, həmçinin, həcc ziyarətinə getməkdə köməklik göstərməklə aralarındakı mənəvi bağlılıqlarını möhkəmləndirirlər.
Ümumiyyətlə, radikal dini qrupların təbliğat və idarəçilik metodları çox sadə və effektivdir. İdeologiyanı mənimsəyən şəxslər digər şəxsləri də bu yola dəvət edirlər. Hər yeni cəlb olunan şəxs yeni adamlarla ünsiyyət yaradır. Əvvəl ailə üzvləri, sonra qohumlar və qonşularla müvafiq söhbətlər aparılır, zəif iradəlilər qrupun yeni üzvlərinə çevrilirlər. Beləliklə, yeni şəbəkələrin zəncirvari həlqəsi formalaşır.
Məlumdur ki, psixoloji baxımdan insanın təbiətində başqalarından seçilmək istəyi var. Cəmiyyət içərisində özünü təsdiq edə bilməmiş, digər insanlardan öz xüsusiyyətlərinə görə çox da fərqlənməyən insanlar, sanki həmişə özlərini axtararaq təsdiq etməyə çalışırlar. Bəzi hallarda belə adamlar məhz bu yolla – cəmiyyətdən fərqli geyim, görünüş, düşüncə, davranış tərzlərilə özlərinin təsdiqinə səy göstərirlər.
Bu kimi ideologiyaların tərəfdarlarının artmasının və güclənməsinin qarşısını almaq üçün onların təbliğat mexanizmini öyrəndikdən sonra onlara qarşı mübarizə metodlarını işləyib hazırlamaq mümkündür. Amma yetər ki, dini ictimaiyyət bu məsələdə aktivlik nümayiş etdirsin.
Lakin müşahidələr göstərir ki, dövlət milli və ideoloji təhlükəsizliyi baxımından ölkədəki dini radikal qüvvələrə qarşı qanunvericilik çərçivəsində bütün lazımi tədbirləri mütəmadi həyata keçirib, problemin həlli istiqamətində müvafiq işlər gördüyü halda təəssüf ki, ənənəvi dindar kəsimin bir hissəsi məsələyə sanki biganə yanaşır. Müşahidə və təcrübələr onu deməyə əsas verir ki, Azərbaycanda radikallarla mübarizədə həm Dövlət Komitəsinin, həm Qafqaz Müsəlmanları İdarəsinin, həm də hüquq-mühafizə orqanlarının adları daha çox çəkilir. Məscidlərdə qeydiyyatdan keçən və hüquqi status alan bəzi dini icmalar isə radikal qüvvələrə qarşı mübarizədə bir çox halda ya yaxalarını kənara çəkir, ya da heç bir adekvat iş görmədən problemin yalnız dövlət qurumları tərəfindən həllini gözləyirlər.
Buna qətiyyən yol verilməməlidir, çünki məsciddə qeydiyyatdan keçmiş icmalar təmsil etdikləri ərazinin həm dini, həm də icma kimi hüquqi məsuliyyətini daşıyırlar. Təbii ki, məsələnin mənəvi məsuliyyətinin nə qədər ağır olduğunu dindarlar daha yaxşı anlayırlar. Ona görə də, dini icmalar radikal cərəyanlarla mübarizədə daha aktiv olmalı və önə çıxmalıdırlar. Bu halda təbii ki, başda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olmaqla digər müvafiq dövlət qurumları və Qafqaz Müsəlmanları İdarəsi öz növbəsində həmin icmaları yüksək şəkildə dəstəkləyəcəkdir.
İlk növbədə dini icmalar öz fəaliyyətlərini gücləndirməli və iş prinsiplərini elə qurmalıdırlar ki, radikal dini cərəyan mənsubları, onların buraxdığı nöqsanlardan yararlanıb öz təbliğatlarını apara bilməsinlər. Ona görə də dini icmalar radikal cərəyanlara qarşı mübarizədə sadalayacağım dörd praktik metoddan – maarifləndirici, preventiv, profilaktik və inzibati metoddan istifadə etsələr problemin həllində effektiv nəticələr əldə oluna bilər.
1. Maarifləndirici metod: Bu metoda əsasən, əvvəlcə dini icma üzvləri özləri radikal dini qrupların ideoloji əsasları və mənfi təzahürləri barədə maariflənməli, sonra təmsil etdikləri ərazidəki insanlara həmin bilgilərin mütəmadi ötürülməsinə çalışmalıdırlar. Marifləndirmə tədbirləri icmadaxili yığıncaqlarda geniş müzakirə olunmalı, sonrakı mərhələdə əhalinin sıx gəldiyi dini mərasimlərdə, yaxud yas məclislərində də aparılmalıdır. Lakin söhbətlər zamanı etik qaydalara maksimum diqqət edilməli, qarşı tərəfdən provokasiya olsa belə, buna gedilməməli və əxlaq prinsipləri maksimum qorunmalıdır. Dini icmalar öz hüquqlarından istifadə edərək yerli mətbuatda da müvafiq mövzularda maarifləndirici yazılarla çıxış edə bilərlər.
2. Preventiv metod: Əslində preventiv, yəni qabaqlayıcı metod maarifləndirici metodun tərkib hissəsi də sayıla bilər. Lakin burada əsas fərqləndirici məqam radikalların apardığı təbliğatdan bir addım öndə olmaq prinsipinə əsaslanır. Məsələn, radikal dini qruplar əgər qəbirləri ziyarət etməyin, dünyasını dəyişmiş insanlara “Yasin” surəsi oxumağın, yas mərasimləri və s. digər şəri məsələlərin əleyhinə təbliğat aparıb ənənəvi dini baxışları gözdən salırlarsa, dini icmalar bir addım öndə olub onlardan əvvəl bu cür şəri məsələləri düzgün formada insanlara çatdırmalıdırlar. Özü də gündəlik tətbiq edilən belə şəri məsələlərdə sağlam mənbələrə istinad etməlidirlər ki, qarşı tərəfdə heç bir şübhə yeri qalmasın.
3. Profilaktik metod: Profilaktik metod radikal dini cərəyanın təsiri altına yenicə düşmüş insanlarla izahat işi aparmaq və onları dini-ideoloji baxımdan geri qaytarmaq anlamına gəlir. Xüsusilə gənclər və yeniyetmələr cərəyanın təsirinə yenicə düşmüşsə, bununla bağlı dərhal fəaliyyətə keçmək lazımdır. Onlarla ünsiyyətdən çəkinməyərək, xoş rəfdar və şirin dillə düşdüyü cərəyanın ideologiyasının əsasları “çürüdülməlidir”. Bu işlə peşəkar din xadimlərinin, yaxud dini baxımdan təcrübəsi çox olan dindarların məşğul olması daha məqsədəuyğundur. Çünki profilaktik metodu tədbiq edənlər həm insanların psixologiyasını yaxşı bilməli, həm dini bilgi baxımından dərin olmalı, həm də cəmiyyət içində dediklərini özlərinin ilk tətbiq etdiyi nümunəvi şəxsiyyət kimi bilinməlidirlər.
4. İnzibati metod: Bu metod əsasən problemlə mübarizə aparan dövlət qurumlarının üzərinə düşsə də, dini icmalar da müəyyən mənada bu sahədə töhfə verə bilərlər. Müşahidələr deməyə əsas verir ki, radikallar bir sıra halda mövcud dini icmaların fəaliyyətinə kobud şəkildə müdaxilələr edir, xüsusilə dini ayinlərin, məsələn, namazların icrasında maneçilik törədir, yaxud məscidin nizamını pozan əməllərə yol verirlər. Dini icmalar belə hallarla üzləşəndə məscid ətrafında söz-söhbətin yaranmaması üçün çox vaxt buna göz yumur, ya da hüquq-mühafizə orqanlarına xəbər vermədən məsələni özləri həll etməyə çalışırlar ki, bu da adətən, dava-dalaşla nəticələnir. Ona görə də, dini icma üzvləri bu sahə ilə bağlı dövlətin qanunlarına yaxşı bələd olmalı və radikal ünsürlərlə hüquqi müstəvidə mübarizə aparmağı öyrənməlidirlər.
Ümumi müşahidələr göstərir ki, radikal qruplar dini icmaların praktiki fəaliyyət göstərməyən, yaxud zəif fəaliyyət göstərən məscidləri ələ keçirməyə çalışırlar. Onlar nəzarətsiz, boş olan məscidlərdə qısa müddətdə öz icmalarını yaradır, hətta aralarından namaz qıldıracaq imamları seçib mütəşəkkil fəaliyyətə yönəlirlər. Bu baxımdan dini icmalar daha diqqətli olmalı, məscidləri nəzarətsiz qoymamalı, ibadətgahdakı daxili nizam-intizamın qorunmasına maksimum riayət etməlidirlər.
Radikal dini cərəyanlar əsasən, enerji və vaxtlarını sərf etmək üçün imkan, vasitə axtaran gəncləri arayıb tapırlar. Adətən bu gənclərin intellektual səviyyəsi və situasiyanı düzgün qiymətləndirmə qabiliyyətləri yetərincə yüksək olmadığından qısa müddətdə manipulyasiya obyektinə çevrilirlər. Bu baxımdan gənclərimizin radikal cərəyanların təsirlərindən qorunması öz aktuallığını nəinki qoruyub saxlamaqda, hətta öz əhəmiyyətini diqtə etdirməkdədir və layihənin məhz bu istiqamətdə həyata keçirilməsi tamamilə yerində olan prioritet məsələlərdəndir. Buna görə də sağlam ənənəvi dini baxışlara sahib dindarların yetişdirilməsi hər bir din xadiminin, dini icmanın eləcə də vətəndaşın qarşısında duran muhum və həyati əhəmiyyətli işlərdən biridir.
Tərxan Paşazadə
DQİDK-nın əməkdaşı