Gənclər dini radikalizmə “yox” deyir!
Fevralın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Zaqatala rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayonu Əliabad qəsəbə 3№-li tam orta məktəbdə “Gənclər dini radikalizmə “yox” deyir!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, şöbənin əməkdaşı Vüqar Məmmədov, Zaqatala RİH başçısı Aparatının Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həsən Həsənov, Əliabad qəsəbə 3№-li tam orta məktəbin direktoru Natəvan Məmmədova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, gənclərin dini radikalizmə qarşı mübarizədə dərin biliklərə yiyələnməsi üçün belə görüşlərin tez-tez keçirilməsi çox vacibdir. Dini radikallığı, dini fanatizmi, xurafatı, cəhaləti təbliğ etməyə cəhd edən rakial dini qruplaşmalar haqqında geniş danışılıb və onların zərərli fəaliyyətinin qarşısının alınması istiqamətində həyata keçirilməli olan mübarizə metodları barədə məlumat verilib. Vurğulanıb ki, cəmiyyətimizin birliyinə təhdid edən, vətəndaş həmrəyliyimizi parçalamağa cəhd göstərən dini radikalizmin, dini fanatizmin təbliğinin qarşısının alınması dövlətimizin daim diqqət göstərdiyi fəaliyyət istiqamətlərindən biridir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, maarifləndirici dini ədəbiyyat paylanılıb.


