Gənclər dini radikalizmə qarşıdır
Oktyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Zaqatala Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayonu Danaçı kənd 1 №-li tam orta məktəbində “Gənclər dini radikalizmə qarşıdır” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Zaqatala Rayon Təhsil Şöbəsinin əməkdaşı Rəcəb Əlizadə, Danaçı kənd 1 №-li tam orta məktəbin direktoru Əsəbəli Nəbiyev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Danaçı kənd 1 №-li tam orta məktəbin direktoru Əsəbəli Nəbiyev keçirilən tədbirin əhəmiyyətini vurğulayaraq, milli-mənəvi dəyərlərin, adət-ənənələrin öyrənilməsi və qorunub saxlanılmasında, gənclərin vətənpərvər ruhda formalaşmasında mühüm rol oynadığını bildirib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev çıxışında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din siyasətinin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini qeyd edib, dövlət tərəfindən dini dəyərlərə və din xadimlərinə göstərilən diqqət və qayğıdan, bu sahədə mövcud olan qanunvericilik bazasından danışıb. Eyni zamanda xurafatın və mövhumatın dini fanatizmin yaranmasına münbit zəmin olduğunu bildirib, dini radikalizmin yaranması səbəblərindən və törətdiyi fəsadlardan bəhs edib.
Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara maarifləndirici dini ədəbiyyat paylanılıb.
Tədbirin sonunda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.



