Gəncədə şəhidin doğum günü münasibətilə ailəsi ziyarət olunub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşları, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri və dini icma üzvləri şəhid Məmmədov Elmar Saleh oğlunun doğum günü münasibətilə ailəsinə baş çəkiblər.
Görüşdə şəhidin qısa, lakin şərəfli ömür yoluna nəzər salınıb. Bildirilib ki, Vətən müharibəsi zamanı Elmar Məmmədov Xocavənd, Füzuli, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. O, Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Elmar Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqləndiyinə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Ziyarət zamanı o da vurğulanıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbə həm də şəhidlərimizin döyüşlərə atıldıqları ilk gündən daşıdıqları amalın, Vətən sevgisinin nəticəsi idi. İllər ötəcək, lakin şəhidlərimizin xatirəsi heç vaxt unudulmayacaq.
Şəhidin valideynləri övladı ilə fəxr etdiklərini söyləyib, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün dövlət başçısının şəhid ailələrinin sosial qayğılarına göstərdiyi diqqət cəmiyyətin hər üzvü üçün örnək olmalıdır.
Qeyd edək ki, görüş DQİDK tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun maddi dəstəyi ilə baş tutub.




