Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.11.2015

Gəncədə “Radikalizmə qarşı mübarizədə dini icmaların rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Gəncə şəhər Qazaxlar  məscidi dini icmasının həyata keçirdiyi “Müasir gəncliyin ənənəvi İslamda rolu” layihəsi çərçivəsində noyabrın 27-də “Radikalizmə qarşı mübarizədə dini icmaların rolu” mövzusunda üçüncü maarifləndirici tədbir keçirilib.
Gəncə şəhər Həzrəti Zeynəb məscidində təşkil edilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif  Əliyev, dini icmanın sədri Rahil İsmayılov, DQİDK-nın Dini Qurumlarla iş üzrə şöbəsinin əməkdaşı İlkin Abbasov, Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Namik Talıbov,  Həzrəti Zeynəb məscidi dini icmasının sədri Rahilə İsmayılova, dindarlar və dini icmanın üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev Dövlət Komitəsinin ümumilikdə respublikada, eyni zamanda Gəncə bölgəsində dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb. Asif Əliyev bildirib ki, layihə çərçivəsində  sağlam dini biliklərə söykənən silsilə maarifləndirmə tədbirləri həyata keçiriləcək. Tədbirdə çıxış edən  Gəncə şəhər Qazaxlar məscidi dini icmasının sədri Rahil İsmayılov  layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Tədbirdə ekspert qismində çıxış edən DQİDK-nın  Dini Qurumlarla iş üzrə şöbəsinin əməkdaşı İlkin Abbasov və  Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Namik Talıbov dini maarifləndirmə sahəsində görülən  işlərin vacibliyindən danışaraq bu mövzunun mühümlüyünü xüsusi qeyd ediblər.
Tədbirdə torpaqlarımızın azad edilməsi üçün dualar oxunub, şəhidlərimizin xatirəsi hörmətlə yad edilib.