Şriftin ölçüsü:

Saytın rəngi:

25.12.2014

Gəncədə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilir

Dekabrın 25-də Gəncədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və şəhər icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans öz işinə başlayıb.
Respublikamızın qərb bölgəsinin din xadimlərinin, dini icma nümayəndələrinin, eləcə də bu sahə ilə məşğul olan alimlərin iştirakı ilə keçirilən konfransdan əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Sonra konfrans iştirakçıları Gəncədəki Şah Abbas Cümə məscidi və “Aleksandr Nevski” rus pravoslav kilsəsi ilə tanış olublar.
Konfransı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq Azərbaycanda insanların dini etiqad azadlığına yaradılan şəraitdən, tolerant ölkə kimi bütün dinlərə göstərilən hörmətdən və bu sahədə qazanılan uğurlardan danışıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin bu sahədə həyata keçirdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunu Gəncədəki İmamzadə ziyarətgahında aparılan abadlıq və yenidənqurma işlərinin timsalında nümunə göstərən Elmar Vəliyev diqqətə çatdırıb ki, hazırda ziyarətgahda işlər daha da sürətləndirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək müstəqilliyimizin bərpasından sonra ölkəmizdə əldə olunan nailiyyətləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, bütün sahələrdə olduğu kimi, İslami dəyərlərə söykənən Azərbaycanda milli-mənəvi dəyərlərə də hörmətlə yanaşılır. Hazırda respublikamızda 2050 məscidin olduğunu və onlardan 1600-nün fəaliyyət göstərdiyini deyən qurum rəhbəri qeyd edib ki, bu məscidlərin yarıdan çoxu dövlət vəsaiti hesabına təmir edilib.
Konfransda Milli Məclisin deputatları Asəf Hacıyev, Musa Quliyev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov və başqaları çıxış edərək ölkəmizdə dövlət-din münasibətlərindən, bu sahədə dünya dövlətlərinə nümunə ola biləcək Azərbaycanın qazandığı uğurlardan, eləcə də radikal dini qruplara qarşı mübarizənin gücləndirilməsinin vacibliyindən danışıblar.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının moderatorluğu ilə "Ənənəvi İslam dəyərləri və çağdaş problemlər"  mövzusunda I Plenar iclas keçirildi. İclasda Gəncə şəhəri Şah Abbas Cümə məscidi dini icmasının sədri Əlisəftər Səfərəliyev “Qərb bölgəsində ənənəvi İslam”, İlahiyyat elmləri üzrə fəlsəfə doktoru Faiq Əhmədzadə “İslam və müasirlik” və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr, nəşriyyat və redaksiya şöbəsinin məsləhətçisi Oqtay Orucovun  “Din, dindar və sosial media” mövzularında məruzələri dinlənildi. 
Dekabrın 26-da regional konfrans öz işini plenar iclaslarda davam etdirəcək. İştirakçılara “Dini radikalizm və onun təhlükəli təzahürləri ilə mübarizə”, “Tarixilik və müasirlik baxımından milli-mənəvi dəyərlərimiz” və s. mövzularda məruzələr təqdim olunacaq.