Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.10.2018

Gəncədə “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” mövzusunda ikigünlük regional konfrans öz işini davam etdirib

Oktyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gəncədə keçirilən “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” mövzusundakı ikigünlük regional konfrans öz işini davam etdirib.

DQİDK-nın rəsmi nümayəndələri, şəhərin idarə, müəssisə, təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışan qadınların, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransı giriş sözü ilə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev açıb. Bildirib ki, ölkəmizdə yüksək səviyyədə mövcud olan dövlət-din münasibətləri, dinlər və məzhəblər arasında qarşılıqlı anlaşma mühiti dövlətin yürütdüyü uzaqgörən siyasətin nəticəsidir. Asif Əliyev vurğulayıb ki, dövlət tərəfindən daim dini sahəyə böyük diqqət və qayğı göstərilir. Dini ibadətgahlar  təmir olunur, yeniləri tikilir, dini konfessiyalara maddi dəstək göstərilir. Şöbə müdiri çıxışında, eyni zamanda dini radikalizmlə mübarizə istiqamətində həyata keçirilən  maarifləndirmə işinin əhəmiyyətinə toxunub. 

Daha sonra “Dini radikalizm: mahiyyəti, tarixi, təzahür formaları və onunla mübarizə” adlı təqdimatla çıxış edən Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova bu gün bəşəriyyətin ən böyük probleminə çevrilmiş radikalizm, ekstremizm meyilləri haqqında məlumat verib.

Qeyd edib ki, Allah tərəfindən göndərilən bütün dinlər sevgini, mərhəməti, sülhü təbliğ edir. Bu gün çox təəssüfləndirici haldır ki, İslam dininin adı ekstremizmlə, radikalizmlə birlikdə çəkilir. Sülh, barış, mərhəmət dini olan İslamın adı terrorizmlə eyniləşdirilir. Müsəlmanların İslam dinini nüfuzdan salmaq istəyən qüvvələrin alətinə çevrilməsi də digər narahatedici məqamdır.

Radikalizmin qurbanına çevrilməmək üçün İslamın əsl mahiyyətini öyrənməyin, islami dəyərləri olduğu kimi mənimsəməyin vacibliyini vurğulayan E.Kərimova milli-mənəvi dəyərlərimizin təbliğinin dini radikalizmə və xurafata qarşı mübarizədə önəmli vasitə olduğunu bildirib. Bu gün radikalizmlə mübarizədə cəmiyyətin bütün təbəqələrinin, xüsusən qadınların roluna diqqəti çəkib. Şöbə müdiri tarixən Azərbaycan qadınının cəmiyyətdəki yüksək rolu ilə fərqləndiyini, milli adət-ənənələr əsasında tərbiyə almış Azərbaycan qadınının cəmiyyətdə rolunun daha da yüksəldilməsi, millilik və müasirliyin vəhdətində öz mövqeyini gücləndirməsinin çox vacib amil olduğunu qeyd edib. Sonda E.Kərimova “sağlam düşüncəli gəncliyin, sağlam cəmiyyətin formalaşmasını istəyiriksə, qadınlarımız - gələcəyin təminatçıları, qurucuları təhsilli, zəngin dünyagörüşlü, güclü, milli-mənəvi dəyərlərinə sadiq, vətənpərvər olmalıdır” - deyə bildirib.

Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva isə qadınların cəmiyyətdəki yeri və rolundan danışaraq bu gün ölkəmizdə aparılan genişmiqyaslı maarifləndirmə işinə onların verdiyi töhfələrdən bəhs edib. “Dini təbliğat və sosial şəbəkələr” mövzusunda təqdimatla çıxış edən şöbə müdiri internetdə, xüsusən sosial şəbəkələrdə radikal dini cərəyanların apardığı dini təbliğatın məqsədi, metodları barəsində ətraflı məlumat verib. Qeyd edib ki, sosial şəbəkələr, internet insanların həyatında artıq sosial reallıqdır və orada baş verənlər qarşısıalınmaz prosesə çevrilib. Sosial şəbəkə istifadəçiləri dinlə bağlı məlumatlar əldə edərkən, onun mənbəyinə, mahiyyətinə, mövzunun ehtiva etdiyi mənalara diqqət etməlidirlər. Çünki dinlə bağlı düzgün olmayan, həqiqəti əks etdirməyən məlumatlar insanları, xüsusən gəncləri yanlış yönləndirə, radikal dini cərəyanların, qrupların təsiri altına sala bilər. Y.Əliyeva əlavə edib ki, məktəblilərin, yeniyetmələrin sosial şəbəkədən istifadəsinə ciddi nəzarət edilməli dinin cəmiyyət həyatında, xüsusən də gənclərin mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu düzgün istiqamətləndirilməlidir.

Regional konfrans iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə işini yekunlaşdırıb.