Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi noyabrın 17-də Gəncə şəhərində “Azərbaycan-tolerantlığa nümunə ölkə” mövzusunda “dəyirmi masa” – konfrans keçirib.
Konfransda DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, Gəncə şəhər ictimaiyyətinin və bölgədə fəaliyyət göstərən dini icmaların nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan DQİDK-nin sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Azərbaycan Respublikası dünyəvi, hüquqi, demokratik dövlətdir. Ölkəmizdə bütün insanlar dinindən, dilindən, irqindən asılı olmayaraq qanun qarşısında bərabər hüquqludurlar. Hər bir vətəndaş mənsub olduğu dinin daşıyıcısı olaraq, onlara məxsus olan dini ibadət ocaqlarında- məsciddə, kilsədə, sinaqoqda azad şəkildə ibadətlərini həyata keçirirlər. Azərbaycanda mövcud olan qanunvericilik bazası və tarixən formalaşmış tolerantlıq mədəniyyəti bütün qeyri-müsəlmanların cəmiyyətdə bərabərhüquqlu şəxs kimi yaşamalarını təmin edir. Tolerantlıq Azərbaycan cəmiyyətində mənəvi və zəruri borc, eyni zamanda yüksək dəyərdir. Ulu Öndər Heydər Əliyev tolerantlıqla bağlı fikirlərini bu şəkildə ifadə edib: "Tolerantlıq geniş anlayışdır. O təkcə dini dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına, mədəniyyətlərinə dözümlülük deməkdir".
Mikayıl Zeynalov çıxışında qeyd edib ki, Azərbaycan dünyaya tolerantlıq nümunəsi olacaq ölkədir. "Gəncə şəhəri də bütün ölkəmiz kimi, müxtəlif dinlərin və mədəniyyətlərin birgə yaşadığı məkandır. Hazırda Gəncədə müsəlman icmaları ilə yanaşı, rus və yəhudi icmaları da fəaliyyət göstərir və dini ibadətlərini də yerinə yetirirlər. Şəhər rəhbərliyi dini konfessiyaların fəaliyyətini hər zaman diqqətdə saxlayır və dəstəyini əsirgəmir".
Konfransda əsas məruzə ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası, analitik təhlil və ictimai əlaqələr şöbəsinin müdir müavini Əliheydər Zülfüqarov bildirib ki, qloballaşma şəraitində ümumbəşəri dəyər kimi, müxtəlifliyin qorunması məqsədilə, mədəniyyətlər və dinlər arasında dialoqun qurulması, tolerantlıq və dözümlülük ənənələrinin qorunması olduqca vacibdir. Çoxsaylı etnosların Azərbaycanda yaşamasına və etnik tərkibin müxtəlif olmasına baxmayaraq, minilliklər boyu milli azlıqlar burada milli və dini kimliklərini qoruyub saxlamışlar.
Daha sonra Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə, Gəncə şəhəri Şah Abbas Cümə məscidi dini icmasının sədri Əlisəftər Səfərəliyev, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədr müavini Hüseyn Budaqov və Gəncə şəhəri, Aleksandr Nevski kilsəsinin keşişi Vyaçeslav Daşkov çıxış edərək Azərbaycanın tolerantlıq modelinin bütün dünyaya nümunə olduğunu qeyd ediblər.
Çıxışlar ətrafında geniş müzakirələrlə davam edən tədbirdə birmənalı olaraq qeyd edilib ki, tolerantlıq bizim üçün əvəzsiz bir dəyər, gələcək nəsillər üçün miras, beynəlxalq aləm üçün nümunədir.