23.10.2015
Gəncə, Tovuz və Zaqatalada maarifləndirici tədbirlər keçirilib
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Gəncə şəhər Qazaxlar məscidi dini icmasının həyata keçirdiyi “Müasir gəncliyin ənənəvi İslamda rolu” layihəsi çərçivəsində oktyabrın 22-də “İslamda qadına verilən dəyər” mövzusunda ikinci maarifləndirici tədbir keçirilib.
Gəncə şəhər Həzrət Zeynəb məscidində təşkil edilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, dini icmanın sədri Rahil İsmayılov, DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin baş məsləhətçisi Anar Əliyev, Həzrət Zeynəb məscidi dini icmasının sədri Rahilə İsmayılova, dindarlar, dini icmanın üzvləri və digər dindar xanımlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev Dövlət Komitəsinin ümumilikdə respublikada, eyni zamanda Gəncə bölgəsində dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb. Asif Əliyev bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən silsilə maarifləndirmə tədbirləri həyata keçiriləcək. Tədbirdə çıxış edən Gəncə şəhər Qazaxlar məscidi dini icmasının sədri Rahil İsmayılov layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Tədbirdə ekspert qismində çıxış edən DQİDK-nın Dini Qurumlarla İş üzrə şöbəsinin baş məsləhətçisi Anar Əliyev dini maarifləndirmə sahəsində görülən işlərin vacibliyindən danışaraq bu mövzunun vacibliyini xüsusi qeyd edib.
Tədbirdə vətənimizin torpaqlarımızın azad edilməsi üçün dualar oxunub, şəhidlərimizin xatirəsi hörmətlə yad edilib.
***
***
***
Tovuz dini icması "Milli-mənəvi dəyərləri qoruyaq " layihəsi çərçivəsində rayonda “Milli-mənəvi dəyərlərimizi gənclər arasında aşılanması”adı altında tədbir keçirib. Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Nəriman İbayev açaraq Məhərrəm ayı ilə əlaqədar görüləcək işlər barədə məlumat verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Anar Əliyev dini icmaların düşən vəzifələrdən, milli-mənəvi dəyərlərimizin gənclər arasında təbliğindən söz açıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbə müdiri Eldəniz Vəliyev isə gənclərin son dövrdə dövlətin bütün sferalarında təmsil olunması, dövlətin gənclərə göstərdiyi qayğıdan danışıb.
***
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi Zaqatala rayon Təhsil şöbəsi ilə birgə Zaqatala şəhər Zərifə Əliyeva adına liseydə “Milli-mənəvi və ümumbəşəri dəyərlərin məktəblilərin tərbiyəsindəki rolu” mövzusunda seminar keçirilib.
Seminarda DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, Zaqatala rayon Təhsil şöbəsinin inspektoru Rəna Abdurəhmanova, Zaqatala şəhər Zərifə Əliyeva adına liseyin psixoloqu Pərvanə Məhərrəmova mövzu ətrafında çıxış etmiş və şagirdlərin suallarını cavablandırıblar.
