30.06.2016
Gəncə şəhər "İmamzadə" Dini-Memarlıq Kompleksində iftar süfrəsi açılıb
Gəncə şəhər "İmamzadə" Dini-Memarlıq Kompleksində təşkil olunan iftar mərasimində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, şəhər ziyalıları, din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirak ediblər. Mərasimdə "Qurani-Kərim"dən ayələr oxunub, dualar edilib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mərasimdə çıxışında bildirib ki, Azərbaycan xalqı əsrlər boyu öz milli və dini dəyərlərinə sadiq qalıb, özünün adət-ənənələrini yaşadıb. Dini dəyərlərimiz içərisində Ramazan ayının isə özünəməxsus yeri var.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək vurğulayıb ki, milli və dini dəyərlərimizin yaşadılması ölkəmizin keçmişinə ehtiramımızın, gələcəyinə isə diqqətimizin ifadəsidir. Bugünkü iftar süfrəsi də belə bir xoş niyyətlə açılıb. Komitə sədri mərasim iştirakçılarına bu əziz gündə niyyətlərinin həyata keçməsini diləyib və cansağlığı arzulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov, şəhid atası Çingiz Quliyev və digərləri çıxış edərək bildiriblər ki, Ramazan ayının adət-ənənələri dininə və mənəviyyatına əsrlər boyu sədaqətli olan gəncəlilərin hələ uzun qərinələr əməllərində yaşayacaq.



.jpg)