01.06.2017
Füzulidə Ramazan ayının başlanması münasibətilə tədbir keçirilib
Mayın 31-də Füzuli Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Ramazan ayının başlanması ilə əlaqədar rayonun Horadiz şəhər “Əhli beyt” məscidində tədbir keçirilib.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehdixan Zeynalov, Füzuli rayon Horadiz şəhər “Əhli beyt” məscidi dini icmasının axundu Nəriman Nəsirov və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Füzuli RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev Ramazan ayının başlanması münasibəti ilə dindarları təbrik edib. O, ölkəmizdə dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, dövlətin hər zaman dinə və dindarlara qayğı göstərdiyini vurğulayıb.
Daha sonra çıxış edən DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehdixan Zeynalov İslam dininin xurafatdan kənar şəkildə təbliğində maarifləndirmənin vacibliyindən danışıb.
Füzuli rayon Horadiz şəhər “Əhli beyt” məscidi dini icmasının axundu Nəriman Nəsirov isə QMİ-nin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin tapşırıq və tövsiyələrini din xadimlərinə çatdırıb, tədbir iştirakçılarına QMİ-nin Qazılar Şurasının fətvasını oxuyub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.