12.10.2017
Fransanın nüfuzlu qəzetində "Azərbaycanın üstünlükləri" adlı məqalə dərc edilib
Fransanın nüfuzlu qəzetlərindən hesab olunan “DERNIERES NOUVELLES ALSACE” qəzetində Beynəlxalq Reyn Dərnəyinin prezidenti, fransız yazıçısı Jerar Kardonun Azərbaycana həsr olunan “Azərbaycanın üstünlükləri” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə fransalı yazıçı neft və qaz ehtiyatları ilə zəngin olan Azərbaycanın gənc ölkə olmasına baxmayaraq, regionda söz sahibi olduğunu qeyd edir. O, Azərbaycanın bütün müsəlman ölkələrinə nümunə ola biləcək dünyəviliyini qoruyub saxladığını vurğulayır. Ölkəmizdəki mövcud multikultural və tolerant mühitə diqqət çəkən J.Kardon Azərbaycan multikulturalizminin sivilizasiyalararası, mədəniyyətlərarası, dinlərarası dialoq modeli olaraq, nəinki bütün müsəlman ölkələri üçün, hətta Fransa üçün də örnək kimi istinad edilə biləcəyini yazıb.
Müəllif məqaləsində qadınlara seçkilərdə səsvermə hüququnun Fransada 1945-ci ildə verildiyi halda bu hüququn Azərbaycanda 1918-1920-ci illərdə verildiyini qeyd edərək öz ölkəsi ilə qısa müqayisə aparıb. Onun fikrincə, ölkəmiz dünya arenasında balanslı siyasət yürüdür. İstər region dövlətlərlə istərsə də digər dünya ölkələri ilə sıx əlaqələr qurur. Bunu isə O, nadir praqmatizm adlandırır.
Məqalənin sonunda Jerar Kardon Azərbaycanın Avropa və Asiya arasında mühüm körpü olduğunu vurğulayaraq Azərbaycan ilə əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.