Forum işini qadınların mənəvi inkişafı və gənclərin maarifləndirilməsi mövzusuna həsr olunmuş panellərlə davam etdirib
Azərbaycan Din Xadimlərinin II Forumunun “Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metod və innovativ yanaşmalar” mövzusuna həsr olunmuş III panel müzakirəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə keçirilib.
Panel müzakirəyə Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev moderatorluq edib.
Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İndira Hacıyeva fasiləsiz informasiya axınının gənclərdə dərin düşünmə və dəyər formalaşdırma imkanını zəiflətdiyini bildirib. Qeyd edib ki, informasiya axını fasiləsizdir. Gənclər isə düşüncə mərhələsində olan insanlardır. Bu proses onların daxili dünyasında dəyişkənliyin başlanmasına səbəb olur. Nazir müavini bildirib ki, sürətli və nəzarətsiz informasiya mühitində böyüyən gənclər bir məlumatı tam qavramamış digərinin təsirinə məruz qalır ki, bu da onların sağlam düşüncə və dəyərlər formalaşdırmasına mənfi təsir göstərir. O vurğulayıb ki, gənclərin düzgün istiqamətləndirilməsində ailənin rolu xüsusi əhəmiyyət daşıyır.
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bildirib ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu mübahisə tərəflərinə qərarvermə səlahiyyətini birbaşa özlərinə qaytarır və münaqişələrin məhkəmədən kənar, dialoq yolu ilə həllini mümkün edir. Onun sözlərinə görə, bu mexanizmdə əsas rol mediatorun iştirakı ilə aparılan qarşılıqlı dialoqa məxsusdur. N.Adilov qeyd edib ki, Azərbaycanda tətbiq olunan mediasiya modeli dil, ünsiyyət və qarşılıqlı anlaşma üzərində qurulub və həm milli dəyərlərə uyğun, həm də effektiv mexanizmdir. O vurğulayıb ki, beynəlxalq təşkilatlar tərəfindən konfessiyalararası və dinlərarası münaqişələrin həlli ilə bağlı mediasiya modelləri təklif edilsə də, ölkədə bu sahədə real problem mövcud olmadığından həmin təkliflər qəbul edilməyib. Onun sözlərinə görə, Azərbaycanda dini icmalar və din xadimləri arasında münasibətlər dialoq yolu ilə uğurla tənzimlənir və bu proses sağlam müstəvidə davam edir. Natiq, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə din xadimləri üçün maarifləndirici kursların keçirilməsini təklif edib.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnov “Azərbaycanın din siyasətində sekulyarizm, vicdan azadlığı və dövlətin dünyəviliyi” mövzusunda çıxış edib. Forumun əsas mövzusuna diqqət çəkən məruzəçi dünyəvilik və vicdan azadlığı terminlərinin izahını verib, daha sonra bu terminlərin beynəlxalq sənədlərdə hansı formada əks olunduğunu deyib. Yepiskop Azərbaycanda “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa diqqət çəkərək ölkəmizdəki tolerant mühiti xüsusi vurğulayıb, birgəyaşayış nümunəsinin əhəmiyyətinə toxunub.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev qlobal informasiya axınının gənclərin dünyagörüşünün formalaşmasına təsiri və bu prosesdə ən təsirli amil kimi sosial platformaların rolunu qeyd edib. Dini maarifləndirmənin də ənənəvi yollarla yanaşı, interaktiv və yeni metodlarla aparılmasına ehtiyac duyulduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə keçirilən “Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu” mövzusundakı IV panelin moderatoru Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova olub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova vurğulayıb ki, Azərbaycan müstəqillyini bərpa etdikdən sonra qadın siyasətində mühüm uğurlara nail olunub. Qarşıdakı mərhələdə də inkişaf xətti üzrə irəliləməli, əldə etdiyimiz nailiyyətləri qoruyub möhkəmləndirməliyik. Bu istiqamətdə qəbul edilən qanunlar bütün sahələri əhatə edir və bu, Azərbaycan dövlətinin ardıcıl siyasətinin tərkib hissəsidir. Lakin etiraf etməliyik ki, qarşımızda müəyyən maneələr və problemlər də mövcuddur. S.Qəhrəmanova bildirib ki, bu maneələrdən biri erkən nikahlar məsələsidir. Digər tərəfdən, xarici təsirlər və müəyyən beynəlxalq platformalar vasitəsilə formalaşan çağırışlar da mövcuddur. Məhz bu səbəbdən qanunvericilik səviyyəsində müxtəlif kompromislər, tənzimləmələr və islahatlar həyata keçirilib. Bununla yanaşı, istər qadınların, istərsə də kişilərin qarşılaşdığı sosial problemlərin həllində cəmiyyət bütövlükdə aktiv mövqe tutmalıdır.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı “İslamda qadın hüquqları və gender bərabərliyi” mövzusunda çıxış edib. O, məruzəsində İslamdan öncəki dövrdə və İslamda qadın hüquqlarına toxunub. İslamın qadınlara verdiyi hüquq və mükəlləfiyyətləri, onların ailədə və cəmiyyətdə mövqelərinin möhkəmlənməsinə təsiri barədə ətraflı danışıb. Qəmərxanım Cavadlı Azərbaycan dövlətinin qadına, qadın hüquqlarına, dini mühitə, ən əsası, dini mühitimizin demokratikləşməsinə verdiyi önəmi xüsusi vurğulayıb.
AMEA-nın müxbir üzvü, Fəlsəfə və hüquq institutunun İslam fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Könül Bünyadzadə “Dini anlama və mənəvi təcrübənin inkişafında qadınların rolu” mövzusunda çıxış edib. Məruzəçi qadınların dinin öyrənilməsindəki rolu, monoteist dinlərdə qadınlar barədə ətraflı danışıb. O, ailə, ana, müdriklik, sevgi mövzularına toxunaraq, qadının fiziki və mənəvi cəhətdən yaradıcı ruhunu önə çəkib.
Hər iki panel üzrə müzakirələr bitdikdən sonra iştirakçıların sualları cavablandırılıb.















