04.11.2016
“Fitnə” sənədli filminin nümayişi davam etdirilir
Noyabrın 4-də DQİDK-nın təşəbbüsü ilə çəkilən “Fitnə” sənədli filmi Sumqayıt şəhərində yerləşən 6 nömrəli tam orta məktəbdə nümayiş etdirilib. Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev, Sumqayıt şəhər 6 nömrəli tam orta məktəbin direktoru İradə Məmmədova, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru İradə Məmmədova milli-mənəvi dəyərlərimizdən, ölkəmizdə dinlərarası və millətlərarası tolerant münasibətlərdən və bu münasibətləri radikal dini cərəyanların təsirlərindən qorumaq üçün daha effektiv təbliğat aparılmasının vacibliyindən danışıb. İ. Məmmədova qeyd edib ki, DQİDK-nın sifarişi ilə ərsəyə gələn “Fitnə” filmi insanları, xüsusilə də gəncləri maarifləndirmək, onları yanlış dini cərəyanların təsirindən qorumaq məqsədi daşıyır.
Sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılması üçün faktlar əsasında çəkilən filmin önəmindən bəhs edib. Bildirilib ki, bu film dini radikalizmin fəsadlarına kompleks yanaşma ortaya qoyaraq izləyicilərə bununla bağlı obyektiv məlumat əldə etmək imkanı verir.
Sonda film barədə müzakirələr aparılıb.