18.05.2016
“Fitnə” sənədli filminə Dövlət İdarəçilik Akademiyasında baxış keçirilib
Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” sənədli filminə baxış keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Akademiyanın müəllim və tələbələri, eləcə də filmin yaradıcı heyəti, ssenari müəllifi Nadir Bədəlov, məsləhətçiləri Səyavuş Heydərov və Gündüz İsmayılov iştirak ediblər.
Akademiyanın rektoru Urxan Ələkbərov “Fitnə” filminin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını deyib. Rektor gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün bu tipli maarifləndirici filmlərin çəkilməsinin və istiqamətləndirici tədbirlərin daha çox keçirilməsinin önəmini qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bu gün dünyada İslam və digər dinlərdən başqa məqsədlər üçün istifadə edən radikal qüvvələr var. Bu radikal qüvvələr xüsusilə gəncləri öz sıralarına cəlb etməyə çalışırlar. Bu cür təbliğatların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edən Komitə sədri maarifləndirici sənədli filmlərin də radikal qruplara qoşulanların sayının azalmasına təsirini göstərəcəyini deyib. Çünki gəncləri dini radikal qrupların təsirindən qorumaq üçün təbliğat vasitələrdən biri də filmlərdir. Dövlət Komitəsi dini radikalizmlə mübarizə çərçivəsində sənədli filmin təbliğat baxımından qısa vaxtda ciddi uğur qazanacağını hesab edərək, radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı “Fitnə” adlı sənədli film hazırlayıb. Komitə sədri deyib ki, film vasitəsilə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır. Eyni zamanda, Azərbaycanda dinlər, məzhəblər arasında tarixən mövcud olmuş birlik və bərabərlik, xalqımızın tolerantlıq keyfiyyətləri, dövlətin bu sahədə həyata keçirdiyi siyasətin mahiyyəti qısa, lakin aydın şəkildə işıqlandırılır.
Daha sonra filmə baxış keçirilib və film ətrafında müzakirələr aparılıb.
Filmin ssenari müəllifi Nadir Bədəlov, filmin məsləhətçiləri - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılov, eləcə də filmdə ekspert kimi çıxış etmiş millət vəkili Elman Nəsirov fikirlərini bölüşüblər.
Qeyd edək ki, “Fitnə” filminə müxtəlif qurumlarda, xüsusilə ali təhsil ocaqlarında kütləvi baxış keçirilməsi planlaşdırılır.


.jpg)