19.04.2017
“Fitnə” sənədli filmi Sumqayıt məktəbliləri üçün nümayiş edilib
Aprelin 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər 24 saylı tam orta məktəbdə “Fitnə” sənədli filmi nümayiş edilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, məktəbin direktoru Sara Abbasova, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər 24 saylı tam orta məktəbin direktoru Sara Abbasova cəmiyyətin, xüsusilə də gənclərin yad, zərərli dini təsirlərdən qorunması sahəsində maarifləndirmə işinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, DQİDK-nın təşəbbüsü ilə çəkilən “Fitnə” sənədli filmi gənclərdə dini radikalizmin mahiyyəti və fəsadları barədə aydın təsəvvür yaradacaq.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov çıxış edərək radikal dini cərəyanların təbliğat üsulları, onların ölkəmizdə sosial baza yaratmaq cəhdləri və buna qarşı dövlət səviyyəsində aparılan mübarizə üsullarından bəhs edib.
Tədbirin sonunda “Fitnə” sənədli filmi nümayiş edilib və film ətrafında müzakirələr aparılıb.