Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.10.2016

“Fitnə” sənədli filmi Sumqayıt Dövlət Universitetinin tələbələri üçün nümayiş edilib

Oktyabrın 25-də Sumqayıt  Dövlət  Universitetində Dini Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” sənədli filmi nümayiş olunub.
Tədbirdə Dini Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov, Sumqayıt  Dövlət  Universitetinin prorektoru Nizami Namazov, universitetin müəllim və tələbələri iştirak ediblər.
Tədbiri  giriş  sözü  universitetin prorektoru Nizami Namazov açaraq bu cür filmlərin gənclərin maarifləndirilməsi istiqamətindəki əhəmiyyətindən danışıb. Prorektor gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün bu tipli maarifləndirici filmlərin çəkilməsinin və istiqamətləndirici tədbirlərin daha çox keçirilməsinin önəmini qeyd edib. O, gəncləri radikal dini  cərəyanların təsirindən uzaq  tutmaq,  onlara  dini, milli-mənəvi dəyərləri  aşılamaq  məqsədi ilə  DQİDK tərəfindən həyata  keçirilən  maarifləndirici  tədbirləri təqdirəlayiq  hesab etdiyini  bildirib.
Sonra  çıxış  edən DQİDK-nın  Sumqayıt  bölgəsi üzrə  şöbəsinin müdiri  Şirin Cəfərov dövlət-din münasibətlərindən, Dövlət Komitəsinin dini etiqad azadlığının təminatı  sahəsində gördüyü  işlərdən bəhs  edib. O bildirib ki, Dövlət Komitəsi “Fitnə” adlı sənədli filmi dini radikalizmlə mübarizə çərçivəsində radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırılması məqsədilə hazırlayıb. Filmdə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır.
Filmin nümayişindən sonra film ətrafında müzakirələr aparılıb.