Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.11.2016

“Fitnə” filmi Xətai rayonunda nümayiş olunub

Noyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin təşkilatçılığı ilə Bakı şəhəri Xətai rayonu 261 saylı tam orta məktəbdə “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi Vasif Musayev, Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, şöbə müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, Xətai RİH başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Dəyanət Əzizov, məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Pənah İmanov Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan olunduğunu qeyd edərək, əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələrinin azadlıq, dostluq mühitində yaşadığını vurğulayıb. Natiq diqqətə çatdırıb ki, Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq dünyaya nümunədir.
Sonra şöbə müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov qeyd edib ki, Azərbaycan çoxmillətli və çoxdinli bir ölkədir. Onun sözlərinə görə, ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi Vasif Musayev xüsusilə gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılması üçün faktlar əsasında çəkilən “Fitnə” filminin önəmindən bəhs edib.
Tədbirdə, həmçinin İcra Hakimiyyətinin nümayəndəsi Dəyanət Əzizov və məktəb direktoru A.Əsədov çıxış ediblər.
Sonda tədbir iştirakçılarına “Fitnə” filmi nümayiş etdirilib və film ətrafında müzakirələr aparılıb.