09.06.2016
“Fitnə” filmi Neftçala ictimaiyyətinə təqdim olunub
İyunun 8-də Neftçala rayonu Heydər Əliyev Mərkəzində ictimaiyyət nümayəndələri və gənclərin iştirakı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş dini radikalizmlə mübarizə çərçivəsində Azərbaycanda dinlər, məzhəblər arasında tarixən mövcud olmuş birlik və bərabərlik, xalqımızın tolerantlıq keyfiyyətləri, dövlətin bu sahədə həyata keçirdiyi siyasətin mahiyyəti, həmçinin dini radikalizmin qurbanı olmuş və cinayət məsuliyyətinə cəlb edilmiş insanların timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğunu əks etdirən “Fitnə” filmi nümayiş etdirilib. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Gültəkin Sadıqova, şöbənin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli, Neftçala rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Nazim Dadaşov, Neftçala rayonu mədəniyyət və turizm idarəsi əməkdaşları, rayonun bir neçə ümumtəhsil məktəbinin direktorları, müəllimləri və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Neftçala Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev “Fitnə” filmi haqqında məlumat verərək bildirib ki, bütün dünyanı narahat edən ən ciddi problemlərdən biri dini radikalizmdir. Natiq çıxışı zamanı qeyd edib ki, dövlət tərəfindən dini radikalizmə qarşı ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” filmi böyük əhəmiyyətə malikdir. Filmdə radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəfləri öz əksini tapıb.