Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.06.2016

“Fitnə” filmi Lerikdə nümayiş edilib

İyunun 8-də Lerik şəhəri Heydər Əliyev Mərkəzində ictimaiyyət nümayəndələri və gənclərin iştirakı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş dini radikalizmlə mübarizə çərçivəsində Azərbaycanda dinlər, məzhəblər arasında tarixən mövcud olmuş birlik və bərabərlik, xalqımızın tolerantlıq keyfiyyətləri, dövlətin bu sahədə həyata keçirdiyi siyasətin mahiyyəti, həmçinin dini radikalizmin qurbanı olmuş və cinayət məsuliyyətinə cəlb edilmiş insanların timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğunu əks etdirən “Fitnə” sənədli filminin nümayişi keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lerik Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramov, Qafqaz Müsəlmanları İdarəsinin Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı İlham Əliyev, yerli idarə və  təşkilatların nümayəndələri, dini icma sədrləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramov “Multikultural və tolerant dəyərlərimiz” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığı bir məkandır. Cənab Prezidentin həyata keçirdiyi siyasət və xalqımızın tarix boyu bu dəyərlərə verdiyi önəmin, insanpərvər və sülhsevər siyasətinin nəticəsidir ki, ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. O, Azərbaycanın tolerantlıq və multikulturalizm modellərinin dünyaya uğurla təqdim olunmasını, dini tolerantlığın həyat tərzinə çevrildiyi ölkəmizdə müxtəlif dinlərin, eyni zamanda müxtəlif inancların qarşılıqlı hörmət şəraitində yaşamasının tarixi ənənələrin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olmasını tədbir iştirakçılarının nəzərinə çatdırıb , dini radikalizmin mahiyyəti və fəsadları haqqında ətraflı məlumat verib.
Sonda radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı “Fitnə” sənədli filmi tədbir iştirakçılarına nümayiş olunub.