27.05.2016
“Fitnə” filmi Kürdəmirdə nümayiş edildi
Mayın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kürdəmir rayon Heydər Əliyev Mərkəzində “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib. “Fitnə” filminin nümayişi ilə başlayan tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Kürdəmir Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli, müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Kürdəmir rayonunda yerləşən N saylı hərbi hissənin zabit və əsgərləri, təhsil işçiləri, orta məktəb şagirdləri, dini icma sədrləri və gənclər iştirak ediblər.
Çıxış edən natiqlər “Fitnə” filminin nümayişinin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi, radikal dini qruplara qarşı ayıq mövqedə olması, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.
Tədbirdə gənclərimizin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün bu tipli maarifləndirici filmlərin çəkilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.