07.06.2017
“Ənənəvi İslam modelinin qorunub saxlanılmasında maarifləndirmənin rolu” mövzusu Gədəbəydə müzakirə olunub
İyunun 6-da Gədəbəy rayonunda DQİDK-nın və Gədəbəy RİH-in birgə təşkilatçılığı ilə “Ənənəvi İslam modelinin qorunub saxlanılmasında maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Gədəbəy RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qədir Bağırov, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, şöbənin əməkdaşı Vüqar Əliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir giriş sözü ilə açan Gədəbəy RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qədir Bağırov dövlətin dini icmalara göstərdiyi qayğını yüksək qiymətləndirib və ölkəmizdə dövlət-din münasibətlərinin ən yüksək səviyyədə olduğunu qeyd edib. O, çıxışında Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında imzaladığı Sərəncamının əhəmiyyətindən danışaraq bildirib ki, bu dünyaya sülh və həmrəylik mesajıdır.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev məruzə ilə çıxış edərək Azərbaycanın tarixən milli və dini baxımdan tolerant ölkə olduğunu diqqətə çatdırıb. Bildirib ki, əsrlərboyu müxtəlif millətlərin və dinlərin nümayəndələri bu torpaqlarda azad yaşayıblar. Birlik, həmrəylik və bərabərliyin İslam dininin təməl prinsipləri olduğunu diqqətə çatdıran natiq ölkəmizdə qarşılıqlı etimada və hörmətə əsaslanan milli-mənəvi dəyərlərin formalaşdığını qeyd edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.