23.11.2017
Ənənəvi İslam dinində həmrəylik prinsipləri müzakirə edilib
Noyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şabran rayonu Zeyvə kənd məscidi dini icması tərəfindən Aygünlü kənd tam orta məktəbində “Ənənəvi İslam dinində həmrəylik prinsipləri” adlı layihənin növbəti tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, şöbənin əməkdaşı Tural Məmmədli, Şabran Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov, Şabran rayonu Aygünlü kənd tam orta məktəbinin direktoru Cavid Əliyev, Zeyvə kənd məscidi dini icmasının sədri Şaib Aslanov və kənd ictimaiyyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şabran RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov bildirib ki, dövlətin din sahəsində atdığı addımlar öz müsbət təsirini göstərir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev vurğulayıb ki, həmrəylik xalqımızın ən gözəl xüsusiyyətlərindən biridir. Dini həmrəylik isə bu xüsusiyyətin tərkib hissəsidir. İslam həmrəyliyi əsrlərboyu Azərbaycanda mövcud olan və günümüzdə də qorunub saxlanan əsas prinsiplərdəndir.
Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Məmmədli qeyd edib ki, Azərbaycandakı tolerant mühit dünyanın hər yerinə müsbət mənada səs salıb. Burada müxtəlif dinlərə və dillərə məxsus insanlar əsrlərboyu bir yerdə yaşayıblar. Tarixin heç bir dövründə Azərbaycanda nə dini, nə də etnik baxımdan qarşıdurma yaşanmayıb. Bu gün də bu prinsiplər xalqımız və dövlətimiz tərəfindən qorunur.
Şabran rayonu Aygünlü kənd tam orta məktəbinin direktoru Cavid Əliyev və digər çıxış edənlər dövlət-din münasibətlərindən bəhs edib və dinə göstərilən qayğıdan danışıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onların fikirləri dinlənilib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən keçirilib.