Şriftin ölçüsü:

Saytın rəngi:

18.10.2013

Elşad İskəndərov: “Milli kimliyimizi formalaşdıran, onun ayrılmaz hissəsi olan milli-mənəvi dəyərlərimizin tədqiqatı böyük əhəmiyyət kəsb edir” (FOTO)

Dövlət Komitəsində  “Milli Mənəvi dəyərlər və Milli Kimlik layihəsi” çərçivəsində alimlərlə görüş keçirilmişdir
 
Bu gün AR Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Dövlət Komitəsinin dəstəyi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin iştirakı və “Müasir inkişaf” ictimai birliyinin təkilatçılığı ilə həyata keçirilən “Milli Mənəvi dəyərlər və Milli Kimlik layihəsi” çərçivəsində nəşr olunması planlaşdırılan eyniadlı kitabında məqalə ilə çıxış edəcək alim  və tədqiqatçılarla görüş keçirmişdir.
 
Dövlət Komitəsində baş tutan görüşdə çıxış edən Elşad İskəndərov bu sahədə  ilk dəfə olaraq, aparıcı mütəxəssislərini cəlb edilərək belə bir kitabın ərsəyə gətirilməsinin olduqca vacib bir hal olduğunu vurğulamışdır. Komitə sədri onu da bildirmişdir ki, kitabdakı məqalələr Azərbaycan milli kimliyində milli-mənəvi dəyərlərin rolu barədə əsas konturlarını müəyyən etməyə yönəlib. “Bu çox əhəmiyyətli bir məsələdir. Çünki qeyd olunan sahədə təəssüf ki, mütəxəssislərin öz aralarında belə tam bir konsensusun olmadığını görürük. Bəzən bizə yaxın və qonşu olsalar da başqa xalqların milli kimliklərinin ünsürləri bizim kimliyimizin bir hissəsi kimi təqdim olunur. Bəzən də, əksinə kimliyimizin ayrılmaz hissələrinin mənimsənilmədiyinin və yad ünsürlər kimi göstərildiyinin şahidi oluruq. Bu baxımdan milli kimliyimizi formalaşdıran və onun ayrılmaz hissələri olan milli-mənəvi dəyərlərin tədqiq edilib, geniş icitimayyətə çatdırılması böyük əhəmiyyət kəsb edir.”
Görüşdə iştirak edən AMEA və aparıcı təhsil mərkəzlərinin nümayəndələri  və sözügedən sahənin mütəxəssisləri yazacaqları məqalələrin əsas tezisləri haqqında məlumat verdilər. Onlar  Dövlət Komitəsinin simasında dövlətin bu sahəyə diqqət yetirməsinin həm elmə, həm də millətimizin  tarixinə və mədəniyyətinə verilən bir dəyər kimi qiymətləndirdilər. 
 
Qeyd edək ki, kitab Azərbaycan milli kimliyinin müxtəlif ünsürləri haqqında 20-dən çox məqaləni ehtiva edəcəkdir.
 
DQİDK-nın mətbuat xidməti