İran Milli Kitabxanasının sədri: “Azərbaycanda Nizami irsinə verilən önəm bizi heyrətləndirdi”
Xəbər verildiyi kimi, dünən DQİDK sədri Elşad İskəndərov İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Kitabxanası və Sənədlər Təşkilatı sədri, eyni zamanda İİR prezidentinin müşaviri vəzifəsini icra edən İshaq Salehi ilə görüşmüşdür. İlk öncə Azərbaycan heyəti kitabxanın kitab fondu, binası, strukturu, iş prinsipi ilə tanış olmuş, heyətə müxtəlif dillərdə 3 milyondan yuxarı kitab və dərginin saxlandığı barədə məlumat verilmiş, əlyazmalar saxlanan arxivlər nümayiş etdirilmişdir.
Kitabxana rəhbərliyinin iştirakı keçirilən görüşdə, ikitərəfli əməkdaşlığa dair bir sıra məsələlər müzakirə edilərkən dr. İshaq Salehi Azərbaycanda Nizami Gəncəvinin məqbərəsindən onun beytlərini əks etdirən fars dilində yazılı abidələrin söküldüyü haqda İran mətbuatında məlumatlar getdiyini bildirərək, bu xəbərin İrandakı alim və tədqiqatçıları narahat ediyini bildirmiş, Nizami Gəncəvi kimi dahi şairin irsinə biganəliyin xoşagəlməz hal olduğunu qeyd etmişdir.
Həmin xəbərlərin əslində əsassız ajiotaj yaratdığını qeyd edən DQİDK sədri Azərbaycanda Nizami Gəncəvi irsinin qorunması, ona verilən önəm barədə İran tərəfini məlumatlandırararq qeyd etmişdir: “Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsi bir sıra digər Azərbaycan dühalarının irsi kimi bütün bəşəriyyətin xəzinəsidir. Eyni zamanda dünyada Azərbaycan qədər Nizami irsinin qorunması məqsədilə fəaliyyət göstərən başqa dövlət yoxdur.”
Dövlət Komitəsinin sədri qeyd etmişdir ki, Nizami Gəncəvinin adı ilə Bakıda mərkəzi küçə, Azərbaycan Ədəbiyyat Tarixi Muzeyi, Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu, metro stansiyası adlandırılmış, şəhərin mərkəzində heykəli qoyulmuşdur. Əsərləri dəfələrlə, özü də ən müxtəlif dillərdə nəşr edimişdir. Nizami Gəncəvi daima Azərbaycan ədəbiyyatının zirvəsi hesab olunmuşdur. Hətta 1942-ci ildə SSRİ dönəmində, 2-ci Dünya müharibəsinin ən ağır, Moskvanın, Peterburqun, Bakının işğal təhlükəsi olduğu bir dövrdə, məhz Azərbaycan ziyalılarının təkidi ilə onun 800 illiyi keçirilmişdir. Son illər ərzində Nizami irsinin dünya miqyasında tanıdılması üçün onu məhz Azərbaycan tərəfindən Romada abidəsi ucaldılmış, onlarla beynəlxalq tədbirlər keçirilmişdir.
Komitə sədri daha sonra bildirmişdir ki, ətrafında əsassız ajiotaj yaradılan məqbərə daşlar tarixi kitabə deyillər və hazırda məqbərənin əsaslı təmiri zamanı bütün üzlüklər kimi yenilənirlər. Azərbaycanda Nizami irsinin bir hissəsi olaraq əsərlərinin yazıldığı fars dilin də hörmətlə yanaşılır. Belə ki, Nizaminin fars dilində çoxcildlik əsərlər toplusu dövlət tərəfindən nəşr olunmuşdur. Odur bu məsələ ətrafında ajiotaj süni xarakter daşıyır. Məqbərə bərpa işləridən sonra daha da möhtəşəm olacaqdır və onu dünyadan o cümlədədn İrandan gələcək Nizamisevərlər şahidi ola biləcəklər.
İran Milli Kitabxanasının sədri dr. Salehi Nizami irsinə Azərbaycanda verilən bu önəmə görə təşəkkür edərək, bu məlumatların bir çoxunun onlar üçün yeni və çox sevindirici olduğunu qeyd etmiş, gələcəkdə mövcud narazılıqların da aradan qalxacağına inandığını bildirmişdir.
DQİDK-nın mətbuat xidməti