Noyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhər Mədəniyyət Mərkəzində "Dini radikalizmə qarşı mübarizədə dini icmaların rolu" mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, QMİ-nin bölgə üzrə qazısı Qəni Axundzadə, dini icma sədrləri, din xadimləri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov konfransın əhəmiyyətindən danışıb. İ.Dadaşov mütəmadi olaraq keçirilən bu kimi maarifləndirici tədbirlərin gənclər arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin fəsadları haqqında tam təsəvvürün formalaşması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra çıxış edən Komitə sədrinin birinci müavini Səyyad Salahlı milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib. S. Salahlı ölkəmizdə mövcud olan tolerant və multikultural dəyərlərdən, radikalizm və onun fəsadlarının aradan qaldırılması, radikalizmə qarşı mübarizədə maarifləndirici, profilaktik tədbirlərin görülməsinin vacibliyindən danışıb.
QMİ-nin bölgə üzrə qazısı Hacı Qəni Axundzadə dövlətimizin dinə və dindarlara qayğısından, ənənəvi dini dəyərlərin tanıdılmasından, bu dəyərlərin keçdiyi tarixi mərhələlərdən danışıb. Q Axundzadə tarixən bölgədə mövcud olan dini adət-ənənədən söhbət açaraq, xarici dini təsirlərə məruz qalmamaq üçün dinin düzgün qaydada öyrənilməsinin vacibliyini vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.