DQİDK-nın sədr müavini Səyavuş Heydərov Səccad Heydər Kərim ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Böyük Britaniyalı siyasətçi və hüquqşünas, Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin sabiq sədri Səccad Heydər Kərim ilə görüşüb.
DQİDK-nın sədr müavini Səyavuş Heydərov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərinin, dövlət din siyasətinin uğurla davam etdirilməsi sayəsində ölkəmizdə tolerantlıq və birgəyaşayış mühitinin nümunəvi modeli formalaşıb, respublikamız dünyada multikulturalizm mərkəzinə çevrilib. S.Heydərov vurğulayıb ki, bu gün Azərbaycan vəhdət, həmrəylik prinsiplərinin daim qorunmasına böyük səylərlə çalışır. Bunun da nəticəsində ölkəmizin dünyada sülhpərvər bir ölkə kimi nüfuzu sürətlə artmaqdadır: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət-din siyasəti öz müsbət bəhrəsini verməkdədir. Bütün bunların nəticəsidir ki, 44 günlük Vətən müharibəsində müxtəlif xalqların və dinlərin mənsubu olan azərbaycanlılar çiyin-çiyinə, vətənpərvərliklə döyüşərək qanları, canları bahasına işğala son qoydular. İstər döyüş meydanında, istər ideoloji mübarizədə, istərsə də haqq səsimizin beynəlxalq səviyyədə eşidilməsində dini konfessiyalar müstəsna xidmətlər göstərdilər”.
Komitə sədrinin müavininin sözlərinə görə, respublikamızda bütün dinlərə, konfessiyalara bərabər münasibət göstərilir və dini etiqad azadlığı yüksək səviyyədə təmin olunur. O, eyni zamanda ölkəmizdə zərərli dini ideyalar yaymayan, dinlərarası münasibətlərə xələl gətirəcək şəkildə fəaliyyət göstərməyən bütün dini icmalara zəruri şəraitin yaradıldığını, eləcə də onlara dövlətimiz tərəfindən maddi və mənəvi dəstək göstərildiyini diqqətə çatdırıb.
S. Kərim qəbula görə təşəkkürünü bildirib. O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev öz ölkəsinin maraqlarını hər şeydən üstün tutan dünyanın müdrik liderlərindən biridir. Qonaq deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ münaqişəsinin həll edilməsi regionda sülh və təhlükəsizliyin bərqərar olmasında olduqca mühümdür.
Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin sabiq sədri eyni zamanda qeyd edib ki, Azərbaycanda multikulturalizm həyat tərzi kimi qəbul edilir və bu, təqdirəlayiq haldır.
Qonaq ölkəmizin erməni işğalından azad olunmuş bölgələrinə səfər edəcəyini də diqqətə çatdırıb.