22.02.2018
DQİDK-nın dəstəyi ilə Prezidentin Sərəncamı uğurla icra olunur
Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Masallı rayonu Boradigah qəsəbəsi “Həzrəti Əli məscidi” dini icması tərəfindən “Erkən nikahlar və onun fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşları Kamil Bağırov, Ayıq Səmədov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mirqiyas Təhməzov, Boradigah qəsəbəsi “Həzrəti Əli” məscidi dini icmasınin sədri Zakir Abdullayev, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Baqırov qeyd edib ki, erkən nikah doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə dövrümüzün mühüm və aktual problemlərindən biridir.
Daha sonra çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov bildirib ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur. Onun sözlərinə görə bu, həm də qzıların psixologiyasına da mənfi təsir göstərir.
QMİ-nin bölgə qazısı Mirqiyas Təhməzov, Boradigah qəsəbə xəstəxanasının həkimi Zəkəriyyə Babayev və icma sədri Zakir Abdullayev və başqaları mövzu ilə bağlı çıxışlar ediblər.
Tədbirin sonunda iştirakçılara DQİDK-nın nəşr etdirdiyi dini təyinatlı kitablar paylanıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.