Şriftin ölçüsü:

Saytın rəngi:

13.02.2015

“Dövlət və Din” ictimai fikir toplusu nəşrini bərpa edib

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan “Dövlət və Din” ictimai fikir toplusu iki illik fasilədən sonra nəfis tərtibatda yenidən işıq üzü görüb.
Dinşünaslıq, dinin tarixi və fəlsəfəsi ixtisasları üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında qeydiyyatdan keçən elmi jurnalın əsas qayəsi dini dəyərləri və dövlət-din münasibətlərini sağlam mövqedən işıqlandırmaq, ölkəmizdə əsrlərdir mövcud olan və bu gün dünyanın bir çox dövləti üçün nümunə göstərilən tolerantlıq mühitinin, çoxmillətli Vətənimizin birlik və bütövlüyünün zəmanəti olan Azərbaycançılıq məfkurəsinin təbliğidir.
Yeni formatda oxucuların görüşünə gələn toplu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı şəhərində yeni inşa edilmiş Heydər məscidinin açılışındakı iştirakı və Milad bayramı ilə əlaqədar Pravoslav xristian icmasına təbriki ilə açılır. Jurnalın “Rəsmi guşə”sində, həmçinin, dövlətimizin başçısının Qanlı Yanvar hadisələrinin 25-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanına etdiyi ziyarət işıqlandırılıb.
Nəşrin yeni sayında ölkəmizdə tarixən mövcud olan tolerantlıq, birgəyaşayış, multikulturalizmin Azərbaycan modelindən geniş danışılıb və dinlərarası münasibətlərdən bəhs edilib. Topluda dinlərin terrorizmlə heç bir əlaqəsinin olmadığı qeyd olunub və müasir terrorçuluğun xarakterik xüsusiyyətləri, nəzəri əsasları barədə mülahizələrə ətraflı yer verilib.
Bundan başqa, oxucular bu sayda akademik Vasim Məmmədəliyevin Quranı doğma dilimizə tərcümə edərkən yararlandığı metodlar, İslam dinində ictimai münasibətlərin təkamülü, “Biharul-ənvar” əsərində xariciliyin meydana çıxma səbəbləri, Hilmi Ziya Ülkənin yaradıcılığında sufizm, “Kəşfül-həqayiq” əsərinin tədqiqi, maqların təlimi və "Spinoza fəlsəfəsində cövhərin vəhdəti" kimi maraqlı mövzularla da tanış ola biləcəklər.
Eyni zamanda, bu nömrədə məqalələrdə işlədilmiş dini-fəlsəfi terminlərin izahı ayrıca dərc olunub.  
“Dövlət və Din” ictimai fikir toplusunun yenidən işıq üzü görməsinin həm dinşünaslıq və ilahiyyat sahəsi ilə məşğul olan tədqiqatçılar, həm də geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacağı, ölkəmizdə maarifləndirmə işinə töhfə verəcəyi şübhəsizdir.